...

Dnepropetrovskda təntənəli Novruz festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Mart 2016 13:40 (UTC +04:00)
Dnepropetrovsk şəhərinin mərkəzi meydanında təntənəli Novruzv festivalı keçirilib.
Dnepropetrovskda təntənəli Novruz festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Dnepropetrovsk şəhərinin mərkəzi meydanında təntənəli Novruz festivalı keçirilib.

Festival Dnepropetrovsk Azərbaycanlıları Konqresinin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının təşəbbüsü və Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulluğunun dəstəyi ilə keçirilib.

Dnepropetrovsk Azərbaycanlıları Konqresindən Trend-ə verilən məlumata görə, tədbirdə Dnepropetrovsk Vilayətinin dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət kollektivləri, diaspora və media təmsilçiləri, o cümlədən yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Novruz bayramı ilə bağlı Dnepropetrovsk şəhərinin meri mərkəzi meydanı Azərbaycan diasporunun müraciətinə əsasən soydaşlarımızın ixtiyarına verib. Meydanda böyük səhnə quraşdırılıb. Gün ərzində meydanın əsas reklam ekranlarında Novruz bayramının tarixini və Azərbaycanın dinamik inkişafını özündə əks etdirən filmlər yayımlanıb.

Novruzun əfsanəvi qəhrəmanları olan keçəl, kosa və bahar qızı Azərbaycan və Ukraynanın bayraqları ilə bəzədilmiş faytonla şəhərin mərkəzi küçələrindən keçərək bayram şənliyi keçirilən meydana gəliblər. Yerli sakinlərin maraqla izlədiyi bayram şənliyinə Novruz tonqalının alovlandırılması ilə start verilib.

Tədbirdə iştirak edən Dnepropetrovsk şəhərinin meri Baris Flatov Dnepropetrovsk şəhərinin mərkəzi meydanında belə bir füsünkar bayram şənliyinin keçirilməsini tarixi hadisə adlandırıb.

Novruz adət ənənələrinin yerli əhali tərəfindəndə böyük maraq və rəğbətlə qarşılandığını bildirən şəhər meri novruz bayramı münasibəti il Azərbaycan və Ukrayna xalqlarına xoş və səmimi arzularını çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının artıq BMT səviyyəsində beynəlxalq bayram kimi keçirilməsinin fərəhləndirici hal olduğunu bildiriblər.

Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dnepropetrovsk şəhərində Novruzun yüksək səviyyədə keçirilməsini xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürü adlandırıblar. Bayram münasibəti ilə dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq arzulayıblar.

Tədbirə ev sahibliyi edən Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədr müavini Nəcəf Əhmədov və Dnepropetrovsk Azərbaycanlı Gənclər birliyinin sədri Elza Bəkirova Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əalaqələrindən söz açıblar. Xoş müjdəli baharın gəlişi münasibəti ilə hər iki dost xalqa parlaq gələcək, ölkələrimizə tezliklə ərazi bütövlüklərini bərpa etmələrini arzulayıblar.

Bayram şənliyində Ukraynanın xalq artisti Qurban Abbasovun və digər milli rəqs və mahnı ansambıllarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib. Vətən sevgili soydaşlarımız gecə saatlarına qədər novruz tonqalının ətrafında cəngi, yallı və digər mahnıların müşayiəti ilə rəqs edib şənləniblər.

Novruzun əfsanəvi qəhrəmanları olan keçəllə,kosanın duzlu, məzəli söhbətləri və novruz adət-ənənələrinin nümayiş olunması tədbiri seyr edən ukraynaliları qədim və füsünkar Novruzun zənginliklər dolu nağıllar aləminə qərq edib.

Tədbirin sonunda Azərbaycanla Ukrayna arasındakı mədəni ələqələrin inkişafındakı xidmətlərinə görə, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyevə, Novruz festivalının təşkilatçısı və ideya müəllifi olan sədr müavini Nəcəf Əhmədova, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirovaya, diaspora fəallarından Oqtay Babayev və Könül Əhmədovaya Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun fəxri diplomları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti