...

Dilçilik İnstitutu bəzi dərsliklərdə səhvlər aşkarlayıb

Cəmiyyət Materials 1 Aprel 2016 12:19 (UTC +04:00)
Dərsliklərin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına tez-tez rast gəlmək olur.
Dilçilik İnstitutu bəzi dərsliklərdə səhvlər aşkarlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dərsliklərin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına tez-tez rast gəlmək olur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda keçirilən konfransında İnstitutun direktor vəzifəsini icra edən Möhsün Nağısoylu çıxışı zamanı deyib.

M.Nağısoylu bildirib ki, durğu işarələrinin bəzi hallarda buraxılması, söz sırasının pozulması, sözlərin yerində düzgün işlədilməməsi, morfoloji əlamət və sintaktik vasitələrdən düzgün istifadə olunmaması, fikir mücərrədliyi və s. dərsliyin dilində rast gəlinən əsas norma pozuntularıdır.

M.Nağısoylu deyib ki, dərsliklərin dili şagirdlər üçün akademik dildə deyil, başa düşülən dildə olmalıdır.

İnstitutun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirb ki, 8-ci sinif "Azərbaycan dili", 8 və 7-ci sinif "İnformatika" dərsliklərinin monitorinqi aparılıb. Monitorinqin aparılması üçün meyarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə müəyyənləşdirilib.

Onun sözlərinə görə, "İnformatika"da ən çox rast gəlinən nöqsanlar dolaşıq cümlələrdən istifadə olunmasıdır: "Monitorinqin nəticələri Təhsil Nazirliyinə göndəriləcək. Hesab edirəm ki, monitorinqin keçirilməsi dərsliklərin dili ilə bağlı nöqsanların aradan qaldırılması üçün əhəmiyyət daşıyacaq".

İnstitutun monitorinq şöbəsinin aparıcı elmi işçisi Rasim Heydərov bildirib ki, bəzi dərsliklərdə şagirdlərə dərslər ağır dildə izah olunur, 1 səhifədə 20 termin işlədilir: "Üstəlik də həmin terminlər şagirdlər üçün yad olan xarici dildə verilir. Bu isə şagird üçün çox ağırdır. Normal halda bir səhifədə bir necə termin verilə bilər".

R.Heydərov qeyd edib ki, dərsliklərin dilində bəzi loru sözlər işlədilir. Ancaq vulqar sözlərin dərsliklərdə verilməsi yolverilməzdir. Bəzən isə dərsliklərdə anlaşılmaz ifadələrə və cümlələrə rast gəlinir: "Məsələn, "Əgər sən hər şeyi bilirsənsə, onda hələ çox şey öyrənməlisən" cümləsinin, fikrimizcə, "Əgər sən hər şeyi bildiyini düşünürsənsə, onda hələ çox şey öyrənməlisən" kimi verilməsi düzgün olardı".

R.Heydərov deyib ki, son illərdə dərsliklərdə qrammatik səhvlərin aradan qaldırılması üçün işlər görülsə də, problemlər hələ də qalmaqdadır.

Onun sözlərinə görə, dərsliklərdə çox tez-tez tire və defis işarələri bir-biri ilə qarışdırılır.

R.Heydərov hesab edir ki, dərsliklər qrammatik baxımdan çox işlənilməlidir: "Texniki fənlərin dərsliklərində problemlər daha çoxdur. Bu da tərcümənin yaratdığı problemdir. Ümid edirik ki, gələcək illərdə bu problem həll olunacaq".

İnstitutun monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov bildirib ki, dərsliklərdə bəzən müəlliflər ümumi isimlərlə xüsusi isimləri bir-birindən fərqləndirmək istəmirlər. Dərsliklərlə vasitəsiz nitqlərin verilməsi ilə bağlı da çox ciddi problemlər var.

Ş.Məmmədov deyib ki, 8-ci sinif "Azərbaycan dili" dərsliyində çoxlu sayda üslub səhvləri var: "Məsələn, "Mədinə xanımı sayca ikinci olan qadın axşam kursunun müəllimi təyin edir" cümləsi başa düşülmür. Bu cümlə redaktə olunmalıdır. Yaxud "Onu icra etməyincə toy adətinə başlamaq olmaz" cümləsində toy mərasimi adət kimi təqdim edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti