...

Azərbaycanda tək uşaqlı və tək valideynli ailələrin sayı artır

Cəmiyyət Materials 12 May 2016 13:19 (UTC +04:00)
Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilir.
Azərbaycanda tək uşaqlı və tək valideynli ailələrin sayı artır

Bakı. Samir Əli - Trend:

Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilir.

Trend-in məlumatına görə, konfransda çıxış edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə sürətlə inkişafından danışıb.

O bildirib ki, Azərbaycan iqtisadi-siyasi inkişaf səviyyəsinə görə, lider ölkələr sırasına daxil olub: "Bütün bu inkişaf təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində əldə edilib. Bu gün beynəlxalq təşkilatların statistikasında Azərbaycan ön sıralardadır. 25 il ərzində ölkəmiz çox geniş inkişaf yolu keçib. Ölkəmizdə həyata keçirilən dövlət proqramları sayəsində böyük işlər görülüb. Azərbaycanın dünya ölkələri arasında tanınmasında Heydər Əliyev Fondunun əvəzsiz rolu var".

Azərbaycan ailələrinin möhkəmliyi və ailə ənənələrinə sadiqliyi ilə hər zaman seçildiyini deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir Azərbaycan ailəsi öz quruluşuna görə ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir: "Son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, tək valideynli, tək uşaqlı ailələrin sayını artırıb".

H.Hüseynova qeyd edib ki, ailə üzvlərinin bir-birindən təcrid olunması və uzaqlaşması, boşanmaların sayının artması, nikah olmadan birgə yaşama və nikahdan kənar doğum adi hala çevrilib: "Boşanandan sonra qadın və uşaqların qarşılaşdıqları problemlər isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Boşanan qadınlar bəzən yaşayış yeri və mülkiyyət hüququndan məhrum olurlar. Uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir".

Dövlət Komitəsinin sədri həmçinin əlavə edib ki, bütün bu məsələlərin həll olunması üçün yeni sənədlərin hazırlanmasına, maarifləndirici tədbirlərin daha geniş həyata keçirilməsinə ehtiyac var.

Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, millət vəkili Bahar Muradova və digər çıxış edənlər Azərbaycanda ailə modeli barədə danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti