...

Qəbələnin füsunkar təbiəti və tarixi abidələri məktəblilərdə zəngin təəssürat doğurub

Cəmiyyət Materials 13 Noyabr 2016 20:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə növbəti maarifləndirici tur-aksiyalar davam edir.

Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar məktəblilərindən ibarət 5 qrupun üzvləri noyabrın 13-də Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar.

Rayon mərkəzində mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib.

Rayona səfər edən şagirdlərin üz tutduqları ilk məkan Heydər Əliyev Mərkəzi olub. Mərkəzi ziyarət edən məktəblilər burada ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Şagirdlər muzeyin qarşısında kollektiv xatirə şəkili çəkdiriblər.

Ümumilikdə 200 məktəblinin Qəbələ ilə tanışlığının növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, kompleksin 4 kanat xəttinin hamısı və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb.

Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir.

Kompleks rəhbərinin sözlərinə görə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən 3 il ərzində 350 mindən çox yerli və xarici qonaq bəhrələnib. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr ediblər, xatirə şəkili çəkdiriblər.

Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Sonra şagirdlər tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Onlara bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. “Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.

Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar.

Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır.

Ümumilikdə isə ölkəmizdə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nic qəsəbəsində udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.

Məktəblilər Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olublar. On iki hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. Həmçinin, şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi vardır. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiyanın iştirakçılarına bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl guşələrindən birinə çevrilən qədim Qəbələ şəhəri barədə geniş məlumat verilib.

Şagirdlər Qəbələyə səfərlərin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Karvansaray” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.

Sonda məktəblilər səfər zamanı qədim və müasir Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildirib və xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti