...

Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜATLAR

Cəmiyyət Materials 17 Yanvar 2017 13:09 (UTC +04:00)
Xəstə aptekdən şəxsiyyət vəsiqəsini və ya ona veriləcək nömrəni göstərməklə dərmanları ala bilər.
Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜATLAR

Bakı. Elçin Mehdiyev – Trend:

"Azəbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə elektron reseptlərin tərtib edilməsi nəzərdə tutulur.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, elektron reseptlərin tətbiqi bu gün artıq zərurətə çevrilib:

“Hər bir həkimin elektron ünvanı və kodu olur. O kodla təyinatın hansı klinikadan hansı həkimin verdiyini müəyyən etmək olur. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimin xəstəyə resept yazmasına ehtiyac qalmır. Xəstənin adı, soyadı və digər məlumatları ilə birgə resept elektron sistemə yerləşdirilir. Xəstə aptekdən şəxsiyyət vəsiqəsini və ya ona veriləcək nömrəni göstərməklə dərmanları ala bilər”.

M.Quliyev bildirib ki, əgər xəstə kağız formada yazılmış resepti itirərsə və ya resept yararsız hala düşərsə, sonradan lazım olduğunda həmin xəstənin hansı xəstəliklər keçirdiyi, hansı müalicəni aldığı və hansı dərmanları qəbul etdiyi barədə məlumatları əldə etmək çox çətin olur:

“Bəzi hallarda xəstə barəsində təcili qərar qəbul etmək lazım gəlir, lakin xəstə haqqında məlumatların olmaması vaxtında və düzgün qərar qəbul etməyə çətinlik yaradır. Elektron reseptlərin tətbiqindən sonra bu cür problemlər yaşanmayacaq, xəstə haqqında məlumatları çox asan və tez şəkildə əldə etmək mümkün olacaq. Ümumilikdə, elektron resept tətbiqinin üstünlükləri çoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti