...

Azərbaycanda digər dövlətlərin təyyarələrinin uçuş təhlükəsizliyi yoxlanılacaq

Cəmiyyət Materials 23 Yanvar 2017 16:05 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı “Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Yeni layihəyə əsasən, bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Belə yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.

Layihəyə görə, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

Dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təklifləri əsasında hazırlanıb.

Qeyd edək ki, layihə Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti