...

Uşaqlı ailələrdə boşanmalar artıb, uşaqsız ailələrdə isə azalıb

Cəmiyyət Materials 10 İyul 2017 07:46 (UTC +04:00)
Azərbaycanda uşaqlı ailələrdə boşanma halları artıb, uşaqsiz ailələrdə isə boşanma halları azalıb.
Uşaqlı ailələrdə boşanmalar artıb, uşaqsız ailələrdə isə azalıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda uşaqlı ailələrdə boşanma halları artıb, uşaqsiz ailələrdə isə boşanma halları azalıb.

Trend-in statistik məlumatlara istinadən apardığı araşdırmaya əsasən, ötən il Azərbaycanda 13 114 boşanma qeydə alınıb ki, ayrılma nəticəsində 11 295 uşaq valideynlərin biri ilə qalıb.

Boşanmaların 3 399-u 1 uşaqlı ailələrdə qeydə alınıb. Müstəqillik illərində bir uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə boşanıb.

Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıma doğru dəyişib. 2014-cü ildə 1 uşağı olan ailələrdə olan boşanmaların sayı 1990-cı ildən də yüksək səviyyəyə çatıb. 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb. 2015-ci ildə 2 838, 2016-cı ildə isə 1 uşaqlı 3 399 ailə boşanıb.

Boşanma halları 18 yaşadək iki və daha çox uşağı olan ailələrdə də artıb. 2013-cü ildə Azərbaycanda 1837, 2014-cü ildə isə 2450, 2015-ci ildə 2 976, 2016-cı ildə 3 569 belə ailədə boşanma qeydə alınıb.

2016-cı il ərzində hər 100 boşanmaya düşən uşaqların ümumi sayı 162 olub.

Ötən illər ərzində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların da sayı artıb. 1990-cı ildə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı (göstərilən dövr ərzində boşanmaların sayının həmin dövr ərzində əhalinin orta illik sayına nisbəti) 2 olduğu halda, 1995-ci ildən bu əmsal 0, 8 göstəricisinə enib. 2005 və 2007-ci illər istisna olmaqla, sonrakı illərdə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı demək olar ki, eyni həddə olub. Lakin 2010-cu ildən sonra bu, yenidən artıma doğru dəyişib və getdikcə yüksələrək 2016-cı ildə 1,4-ə çatıb.

Uşağı olmayan ailələrdə isə boşanmaların sayı azalıb. 2011-ci ildə Azərbaycanda 10 747 boşanmanın 7 368-ü, 2012-ci ildə 11 087 boşanmanın 7 575-i, 2013-cü ildə 11 730 boşanmanın 7 972-si uşağı olmayan ailədə qeydə alındığı halda, sonrakı 2 ildə bu göstərici azalaraq 2014-cü ildə 6 840, 2015-ci ildə 6 950, 2016-cı ildə isə 6 146-a enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti