...

Bu il ƏƏSMN-nin elektron xidmətlərinə 6 milyona yaxın müraciət qeydə alınıb

Cəmiyyət Materials 7 Avqust 2017 15:12 (UTC +04:00)
Ötən ay “Elektron hökumət” portalına müraciətlərin 31,2 faizi və ya 780 152-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərinə aid olub.
Bu il ƏƏSMN-nin elektron xidmətlərinə 6 milyona yaxın müraciət qeydə alınıb

Bakı. Trend:

Ötən ay “Elektron hökumət” portalına müraciətlərin 31,2 faizi və ya 780 152-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərinə aid olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında nazirliyin e-xidmətlərinə əvvəlki iyun ayı ilə müqayisədə 27,3 faiz çox, yəni 780 152 müraciət qeydə alınıb və bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin (2 501 008 müraciət) 31,2 faizini təşkil edib.

Əvvəlki aylarda olduğu kimi, iyul ayında da ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” və s. e-xidmətləri vətəndaşların portalda ən çox müraciət etdikləri e-xidmətlərdən olublar.

Bununla yanaşı, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti də yüksək istifadə göstəricisi (278 767 müraciət) ilə diqqəti cəlb edib ki, bu da həmin e-xidmətə böyük sosial tələbin olmasından, onun ictimai əhəmiyyətindən xəbər verir. Cari il aprelin 1-dən istifadəyə verilən bu e-xidmət sığortaedənlərlə işin müasir tələblərə uyğun və səmərəli təşkili işlərinin davamı olaraq, bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin xeyli sadələşdirilməsinə imkan verib. Nazirliyin “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Pensiyaçıya məlumatların verilməsi” və s. e-xidmətləri də vətəndaşların maraq dairəsindədir.

Ümumilikdə hazırda ƏƏSMN-nin 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin yanvar-iyul aylarında həmin e-xidmətlərə 5 milyon 970 min 381 müraciət qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti