Bakı. Elçin Mehdiyev - Trend:
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602,0 min nəfər, gecələmələrin sayı 1081,0 min adam-gecə olub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9 faiz, gecələmələrin sayında isə 52,0 faiz artım müşahidə edilib. Yerləşdirilmiş şəxslərin 68,4 faizi xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9 faizini təşkil edib.
Gecələmələrin 58,2 faizi Bakıda, 9,3 faizi Qəbələdə, 5,8 faizi Qusarda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi Qubada, 1,5 faizi Şamaxıda, 1,4 faizi Xaçmazda, 17,6 faizi isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb.
Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz çoxdur. Gəlirlərin 68,8 faizi nömrələrin satışı üzrə xidmətlərdən, 21,4 faizi içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 97,0 milyon manatı (71,0 faizi) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.
Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 milyon manat olub ki, onların 32,3 faizini əmək haqqı xərcləri, 14,9 faizini içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8,0 faizini yanacaq və enerji xərcləri, 7,9 faizini bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3 faizini amortizasiya ayırmaları, 29,6 faizini isə digər xərclər təşkil edib. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 9770 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manat təşkil edərək ölkə üzrə orta göstəricidən 11,1 faiz çox olub.