...

Baxımsız, kimsəsiz və yetkinlik yaşına çatmayanların sığınacaqlara yerləşdirilməsi müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2017 16:13 (UTC +04:00)
Müvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib
Baxımsız, kimsəsiz və yetkinlik yaşına çatmayanların sığınacaqlara yerləşdirilməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə müvafiq şəxslərin yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sosial sığınacaqlar kompleksində keçirilən tədbirdə Dövlət Sosial Müdafiə Fondunun, Bakının rayon İcra Hakimiyyətlərinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, Daxili İşlər Nazirliyinin və Bakı şəhəri üzrə rayon polis şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktiki iş üzrə bölmələrinin və bələdiyyələrin nümayəndələri, Sosial Sığınacaqların rəhbərləri iştirak edib. Tədbir iştirakçıları ilk növbədə Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqdakı və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsindəki şəraitlə tanış olublar. Müəssisələrin hər birində müasir tələblərə uyğun sosial-məişət şəraiti yaradılıb.

Dəyirmi masada müvafiq qruplardan olan insanların yeni sosial xidmət müəssisələrinə qəbulu və bu müəssisələrdə yerləşdirilməsi qaydaları, bu sahədə işlərin aidiyyəti qurumlarla əlaqəli aparılması, şəxslərin həmin sosial xidmət müəssisələrinə yerləşdirilməsinə olan tələbatın qiymətləndirilməsi proseduru barədə iştirakçılara ətraflı izahatlar verilib, onların sualları cavablandırılıb. Bildirilib ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin Sosial Sığınacağa qəbulu daxili işlər və yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin müraciətləri əsasında, baxımsız və kimsəsiz uşaqların Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbulu isə şəxslərin və aidiyyəti dövlət orqanlarının müraciətləri əsasında həyata keçirilir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən müraciətlərə baxılaraq şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onların müəssisəyə qəbul edilib-edilməməsinə dair qərar qəbul olunur.

Tədbirdə müvafiq şəxslərin qeyd olunan sosial xidmət müəssisələrinə yerləşdirilməsi ilə bağlı işlərin koordinasiya olunmuş şəkildə operativ və səmərəli təşkil olunması məsələləri müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələr müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti