...

PA rəsmisi: Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir

Cəmiyyət Materials 30 Noyabr 2017 13:05 (UTC +04:00)
Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir.
PA rəsmisi: Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Bakıda keçirilən "İslam həmrəyliyinin güclənməsində medianın rolu" konfransında çıxışında deyib.

"İslam həmrəyliyinin Azərbaycan nümunəsi" məruzəsi ilə çıxış edən B.Həsənov bildirib ki, Azərbaycan özünün zəngin tarixinə və maddi mənəvi irsinə görə Misirdən geri qalmır: "Ona görə də istər çoxtərəfli, istərsə də ikitərəfli formatda Azərbaycan və Misirin arasında əməkdaşlığın qurulması, xüsusilə media qurumları arasında sıx münasibətlərin qurulması olduqca vacibdir. Misirin media nümayəndələrinin Azərbaycana bu səfəri iki ölkənin media qurumları arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcı olacaq".

B.Həsənov əlavə edib ki, Azərbaycanda hələ 743-cü ildə tikilən məscidlər ilkin İslam abidələri kimi yaradılıb: "Onlar Azərbaycan dövləti və xalqı tərəfindən qorunub mühafizə olunaraq bu günümüzə gəlib çıxıb".

B.Həsənov qeyd edib ki, Azərbaycanda tarix boyu məzhəblər, dinlərarası həmrəylik olub: "Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yaradıb. Bu model İslam dünyasında diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Azərbaycanda fərqli məzhəblərin nümayəndələrinin eyni məsciddə ibadət etməsi dünyada buna qarşı çıxanlara ən yaxşı cavabdır. Bildiyiniz kimi, bu il ölkəmizdə "İslam Həmrəyliyi ili" elan edilib. Bu, dünyada İslam həmrəyliyinin artmasına töhfə verilməsi xarakteri daşıyır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, İslam sülh, mərhəmət dinidir. İslamı başqa dairələr terror kimi qələmə verməyə çalışırlar. İslam dini terrorla eyniləşdirilməməlidir. Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdəndir. Terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan buna qarşı sərt mübarizə aparılmasının tərəfdarıdır. Azərbaycanın İƏT çərçivəsində bütün müsəlman ölkələri ilə əlaqələri var. Lakin bəzi müsəlman ölkələri ilə təcavüzkar Ermənistanın əməkdaşlıq, dostluq etməyə cəhd etməsi İslam meyarlarına ziddir".

PA rəsmisi bildirib ki, Azərbaycan mediası müsəlman ölkələrinin media qurumları ilə sıx əməkdaşlıq etməlidirlər: "Bu məqsədlə də İƏT-ə üzv olan Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təklifi irəli sürülüb".

B.Həsənov onu da əlavə edib ki, Azərbaycan Respublikası İslam həmrəyliyini dövlət siyasətinin prioriteti hesab edir və bu istiqamətində önəmli addımlar atır.

Onun sözlərinə görə, Azərbaycan təkcə ölkə daxilində deyil, xaricdə də bu dəyərlərin düzgün təbliğ olunmasına çalışır.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Guney bildirib ki, 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması münasibəti ilə ölkədə müxtəlif tədbirlər keçirilib. Bu tədbirlərdən ən böyüyü IV Islam Həmrəyliyi Oyunları olub.

F.Guney hesab edir ki, Azərbaycanda "İslam Həmrəyliyi ili"nin elan olunması İslam dünyası üçün çox əhəmiyyətlidir: "Məlumdur ki, İslam dünyasında tarix boyu təriqət ayrılığına görə münaqişələr olub. İslam dünyasına düşmən olanlar isə bundan məharətlə istifadə ediblər və bu gün də istifadə edirlər. Bəzi qüvvələr İslamın sülh dini olmasını qətiyyətlə təkzib edirlər. Bu baxımdan "İslam Həmrəyliyi ili"nin elan olunmasının xüsusi əhəmiyyəti var".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd edib ki, rəhbəri olduğu fond çox böyük tədbirlərə ev sahibliyi edib: "İslam bizim hamımızı birləşdirən ümumi dəyərdir. Bizim bir-birimizin problemlərini öyrənmək üçün bu tədbirin keçirilməsini vacib sayıram. Güman edirəm ki, bu səfər iki ölkənin mediası arasında əlaqələrin inkişafına töhfə verəcək".

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nicat Məmmədli də çıxışında ötən il ölkəmizdə multikulturalizm, bu il isə "İslam Həmrəyliyi ili"nin elan edildiyini xatırladıb: "Bəzən bu iki amilin necə bir araya gətirildiyini soruşurlar. Əslində, biz multikulturalizmdən sonra "İslam Həmrəyliyi ili"nin elan edilməsini məntiqi nəticə kimi qiymətləndiririk. Burada əsas məqsəd dünyada olan ən yaxşı halları nümayiş etdirməkdir. Azərbaycan bu sahədə örnək ölkələrdəndir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada sünni və şiələr bir yerdə namaz qılırlar. Azərbaycanda heç vaxt sünni, şiə məscidləri ayrı olmayıb. Bizdə belə bölgü aparılmayıb".

N.Məmmədli qeyd edib ki, Azərbaycanda əhalinin 65 faizini şiələr, 30-35 faizini isə sünnilər təşkil edir.

Onun sözlərinə görə, ölkəmizdə hər iki məzhəbin nümayəndələri namazlarını bir yerdə qılırlar ki, bu da unikal hadisələrdən biridir.

Komitə rəsmisi hesab edir ki, bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu böyükdür.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bildirib ki, bizim qarşımızda duran əsas məsələlərdən biri müsəlman ölkələrinə qarşı yönələn bütün təsirlərə qarşı mübarizə aparmaqdır.

Ş.Abdullayev müsəlman ölkələrinin bu sahədə bir-birinə yardım göstərməsini də vacib sayıb: "Bəzən belə fikir yaranır ki, əgər müsəlman ölkəsiyiksə, müsəlman dünyasında bütün qapılar bizə açıq olmalıdır. İslam amili çox güclü faktordur".

Ş.Abdullayev bildirib ki, informasiya qıtlığına görə hansısa ölkələr Ermənistanı dəstəkləyə bilərlər: "Lakin Azərbaycan haqqında düzgün məlumatlar verildikdə ölkəmizə qarşı münasibətlər dəyişir".

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim medianın gücündən istifadənin vacib olduğunu bildirib: "Media bəzən 4-cü hakimiyyət sayılır. Bu gücdən istifadə olunur, ictimai fikrin formalaşmasında onların rolu böyükdür. Müsəlman ölkələrində müəyyən problemlər var. Bura Dağlıq Qarabağ, Fələstin və digərləri daxildir. Bu baxımdan belə toplantıların keçirilməsi çox əhəmiyyətlidir".

Səfir əlavə edib ki, hazırda dünyada islamofobiya hallarının artdığı müşahidə olunur: "Bu hallar bəzən xaricdən, bəzən də daxildən dəstəklənir. İslam mədəniyyəti özündən qabaqkı mədəniyyətlərin qoruyucusu olub. Daha sonra həmin mədəniyyəti daha da zənginləşdirərək İslam dünyasına təqdim edib. İslamın terrorla əlaqəli olması kimi cəhdlərin edildiyini görürük. Lakin İslam terror ölkələrində yaranmayıb. Media dürüst informasiya verməli, düzgün fikrin yaranmasına yardım etməlidir. Azərbaycanın Dağlıq Qarabağ problemi var. Lakin onunla bağlı məlumatların daha geniş şəkildə yayılmasına ehtiyac var".

Qeyd edək ki, konfrans Azərbaycanda "İslam Həmrəyliyi ili" münasibətilə İslam Əməldaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Prezident Administrasiyasının əməkdaşı, deputatlar, Azərbaycan və Misirin aparıcı media qurumlarının nümayəndələri, səfirlər və digərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti