...

Xaricdə mebel 3-4 ildən bir dəyişdirilir: Bizdə vəziyyət necədir?

Cəmiyyət Materials 19 Dekabr 2017 21:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ölkə əhalisinin mebelə tələbatının 80 %-ə yaxın hissəsi yerli istehsal hesabına ödənilir.

Trend Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkədə mebel istehsalı 20,2 % artıb.

Yerli mebellərin xarici analoqları ilə müqayisədə daha yaxşı satılımasının səbəbi kimi onların həm qiymətinə görə sərfəli olması, həm də keyfiyyətdə xarici istehsaldan geri qalmaması göstərilir.

İqtisadçı-ekspert Pərviz Heydərov Trend-ə açıqlamasında bildirib ki, mebel və ümumiyyətlə, bu kimi digər məişət əşyaları ən çox tələb olunan məhsullar sırasındadır: “Lakin tələbat alıcılıq qabiliyyəti demək deyil. Yəni tədiyyə qabiliyyətli tələbdən çox məqamlar asılıdır. Azərbaycanda mebel alınması üçün adambaşına düşən xərc Avropa ölkələri ilə müqayisədə olduqca aşağıdır. Çünki inkişaf etmiş ölkələrdə ev və ofisdə istifadə olunan mebel demək olar, hər 3-4 ildən bir dəyişdirilir. Ölkəmizdə isə bu proses təxminən 10-15 ildən bir həyata keçirilir. Bununla belə, bizdə mebelə tələbatın özünəməxsus xüsusiyyətləri var. Ölkə vətəndaşlarımızın isə maddi vəziyyəti daha çox yerli istehsala məxsus mebellər almağa imkan verir. Çünki yerli mebelin alınması 1000-2000 manata başa gəlir”.

P.Heydərov hesab edir ki, Azərbaycanda mebel istehsalını daha da təkmilləşdirmək və inkişaf etdirmək olar: “Bunun üçün ölkəmizdə həm işçi qüvvəsi, həm də xammal var. Yeri gəlmişkən, xammal əsas şərt deyil. Dünyada əsas mebel istehsalçısı kimi tanınan ölkələrə diqqət yetirsək, onlarda xammalın kənardan aldığının şahidi olarıq. Məsələn, dünya ağac ehtiyatlarının 25%-dən çox hissəsi Rusiya ərazisində yerləşir. Ancaq rus mebel sənayesi öz məhsulları ilə dünyada Çin, Sloveniya, Rumıniya, Macarıstan və İtaliyanınki qədər tanınmır. Əsas keyfiyyətdir. Müvafiq texnologiyaların əldə olunması, birgə müəssisələrin yaradılması və sair yollarla bu sahədə çox nailiyyətlər əldə etmək mümkündür. Ümumiyyətlə, qeyri-neft sektoru sahələri sırasında mebel sənayesinin bizdə böyük perspektivləri var”.

Ekspert bildirib ki, daxili bazarın ötəri təhlili deməyə əsas verir ki, yerli mebel istehsalına aid məhsullara tələbat getdikcə daha da artacaq. Bu isə sözügedən sahəyə xüsusi yanaşma tələb edir: “Əgər bu gün biz daxili tələbatın 80 %-ni yerli istehsal hesabına ödəyə biliriksə, demək, dünya bazarlarına da çıxa bilərik və istər-istəməz bu haqda da düşünməliyik. Bunun üçünsə keyfiyyətə böyük diqqət yetirməliyik. Yerli istehsala məxsus mebellərin xarici analoqlarla münasibətdə rəqabət qabiliyyətliliyi yüksək dərəcədə təmin edilməlidir. Ümumiyyətlə, ölkədə mebel sənayesinin inkişafı üçün bir sıra dəstək və stimullaşdırıcı tədbirlərin görülməsi də böyük effekt verə bilərdi. Əgər belə olsa, yaxın 5-10 ildən sonra "Made in Azerbaijan" brendi altında ən çox tanınan məhsullarımız sırasında mebellər də mühüm yer tutar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti