...

Bilik Fondu Şabranda Cümhuriyyətə həsr edilən konfrans keçirib (FOTO)

Cəmiyyət Materials 1 Mart 2018 17:55 (UTC +04:00)
Bilik Fondu Şabranda Cümhuriyyətə həsr edilən konfrans keçirib (FOTO)

Bakı. Trend:

Martın 1-də Azərbaycan Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Cümhuriyyət tariximiz - qürurumuzdur” mövzusunda konfrans keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyəti İli” və "1918-cı il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı sərəncamları işığında keçirilib.

Tədbirdən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla görüşüb. Görüşdə əhalinin maarifləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, 2018-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq səviyyəli tədbirlər xatırlanaraq, Şabran sakinlərinə bu tədbirlərin mahiyyətinin izah olunmasının əhəmiyyəti vurğulanıb.

Konfrans öz işinə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Qonaqlar Şabran Mədəniyyət Mərkəzi ilə tanışlıqdan sonra İcra başçısı N.Novruzlu giriş nitqi ilə konfransı açıq elan edib.

İcra başçısı maariflənmənin insan düşüncəsinin, təfəkkürünün inkişafında danılmaz rola malik olduğunu deyərək, Bilik Fondunun bu missiyanı uğurla daşıdığını diqqətə çatdırıb və Fondun Şabran rayonunun rəhbərliyi ilə birgə silsilə maarifləndirici layihələr həyata keçiriləcəyini bildirib.

Bilik Fondunun icraçı direktoru O.Səmədov səmimi qarşılanmaya və xoş sözlərə görə icra başçısına təşəkkür edib.

İcraçı direktor çıxışında Fondun layihələrindən söz açıb, xüsusən "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə planlaşdırılan tədbirlərdən danışıb. O.Səmədov Şabranın Cümhuriyyət tarixində özünəməxsus yeri olduğunu xatırladaraq, ölkənin şanlı tarixi barədə gənclərin ətraflı biliklər almasının vacibliyinə toxunub, ölkəyə sevgi, dövlətə sədaqət, xalqa hörmət hissinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.

İcraçı direktor şabranlıları Fondun layihələrində daha yaxından iştirak etməyə çağırıb, əhalinin qurumun yerli nümayəndəsi ilə mütəmadi əlaqə saxlayaraq, arzu və təkliflərini bildirmələrini xahiş edib və növbəti tədbirlərin məhz bu istəklər üzərində hazırlanacağını söyləyib.

AMEA-nın Ümumi tarix şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, Dövlət mükafatı laureatı Tofiq Mustafazadə “Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 il" mövzusunda mühazirə ilə çıxış edib.

Alim bildirib ki, Xalq Cümhuriyyəti dövründə xalq müstəqilliyin ən qiymətli nemət olduğunu bilir və bu yoldan geri dönməyəcəyini söyləyir, Azərbaycanın gələcəkdə mütləq əbədi müstəqilliyə qovuşacağına inanırdı. Nəhayət xalqın inamını Ulu Öndər Heydər Əliyev doğruldaraq, ölkənin müstəqilliyini bərpa etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib və dünya bizim ölkəmizlə hər addımda hesablaşır.

Fondun rayon nümayəndəsi, Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Fikrət Şamxalov "Şabranda bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə tarixi" adlı məruzəsində şabranlıların qəhrəmanlıq mübarizəsindən söz açaraq, onların düşmənə qarşı necə mətanətlə vuruşduqlarını tarixi faktlar əsasında diqqətə çatdırıb. Natiq deyib ki, hər bir şabranlı keçmişi ilə fəxr edə bilər, bunun üçün tarixi gerçəklikləri daha dərindən öyrənmək lazımdır və bu işdə Bilik Fondu daim şabranlıların yanındadır.

Konfransda yekun nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı N.Novruzov çıxış edib, tədbirin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib və Bilik Fondu ilə əməkdaşlığın zəruriliyini vurğulayıb, Şabran rəhbərliyinin, o cümlədən yerli ziyalıların bu əməkdaşlığa dəstək verməyə hazır olduqlarını qeyd edib.

Sonda Şabran məktəblilərinin ifasında vətənə, onun azadlığı və müstəqilliyi yolunda həyatını qurban vermiş şəhidlərə həsr olunan şeirlər söylənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti