...

Ukraynanın Dnepr şəhərinin mərkəzi meydanında təntənəli Novruz festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Mart 2018 13:48 (UTC +04:00)
Ukraynanın Dnepr şəhərinin mərkəzi meydanında təntənəli Novruz festivalı keçirilib.
Ukraynanın Dnepr şəhərinin mərkəzi meydanında təntənəli Novruz festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Ukraynanın Dnepr şəhərinin mərkəzi meydanında təntənəli Novruz festivalı keçirilib.

Trend-in məlumatına görə, festival Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşəbbüsü ilə keçirilib.

Festivalda Dnepropetrovsk vilayətinin dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət kollektivləri, diaspora və media təmsilçiləri, o cümlədən yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Novruz bayramı ilə bağlı Dnepr şəhərinin meri mərkəzi meydanı Azərbaycan diasporunun müraciətinə əsasən soydaşlarımızın ixtiyarına verib. Meydanda böyük səhnə quraşdırılıb. Gün ərzində meydanın əsas reklam ekranlarında Novruz bayramının tarixini və Azərbaycanın dinamik inkişafını özündə əks etdirən filmlər yayımlanıb.

Novruzun əfsanəvi qəhrəmanları olan keçəl, kosa və bahar qızı Azərbaycan və Ukraynanın bayraqları ilə bəzədilmiş faytonla şəhərin mərkəzi küçələrindən keçərək bayram şənliyi keçirilən meydana gəliblər. Yerli sakinlərin maraqla izlədiyi bayram şənliyinə Novruz tonqalının alovlandırılması ilə start verilib.

Tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Novruz bayramı Azərbaycan xalqının ən sevimli bayramıdır və əsrlər boyu xalqımız sevə-sevə bu bayramı qeyd edir.

“Bu bayram xalqımızın milli həmrəyliyini göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğuladığı kimi milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dnepr şəhərində Novruzun yüksək səviyyədə keçirilməsi xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürüdür. Bayram münasibətilə dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq arzulayıram”, deyə səfir əlavə edib.

Dnepr şəhərinin merinin müavini Mixail Lısenko Dnep şəhərinin mərkəzi meydanında belə bir füsünkar bayram şənliyinin keçirilməsini tarixi hadisə adlandırıb.

Novruz adət ənənələrinin yerli əhali tərəfindəndə böyük maraq və rəğbətlə qarşılandığını bildirən şəhər merinin müavini Novruz bayramı münasibətilə Azərbaycan və Ukrayna xalqlarına xoş və səmimi arzularını çatdırıb.

Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprpetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov və digərləri Novruz bayramının tarixi məqamlarından danışıblar. Bildiriblər ki, vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramı artıq BMT səviyyəsində beynəlxalq bayram kimi keçirilməsi fərəhləndirici haldır.

Bayram şənliyində Ukraynanın xalq artisti Qurban Abbasovun və digər milli rəqs və mahnı ansambıllarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib. Vətən sevgili soydaşlarımız gecə saatlarına qədər novruz tonqalının ətrafında cəngi, yallı və digər mahnıların müşayiəti ilə rəqs edib şənləniblər.

Novruzun əfsanəvi qəhrəmanları olan keçəllə,kosanın duzlu, məzəli söhbətləri və novruz adət-ənənələrinin nümayiş olunması tədbiri seyr edən ukraynaliları qədim və füsünkar Novruzun zənginliklər dolu nağıllar aləminə qərq edib.

Tədbirin sonunda Azərbaycanla Ukrayna arasındakı mədəni ələqələrin inkişafındakı xidmətlərinə görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprpetrovsk vilayət təşkilatının fəxri sədri Qüdrət Hacıyevə, sədr Nəcəf Əhmədova Dnepr şəhər meriyasının fəxri diplomları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti