Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ictimai iaşə obyektlərinin fəaliyyəti zamanı zəhərli maddələrin atmosferə təsirini müəyyənləşdirmək məqsədilə araşdırma komissiyası fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, bu barədə komissiyanın sədri Kənan Kərimov nazirlikdə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Bakıda restoranların fəaliyyət göstərdiyi ərazilərdə yaşayan sakinlər bununla bağlı nazirliyə şikayətlər edirlər:
"Restoranlar havaya zərərli maddələr buraxırlar. Bu da əhalinin narazılığına səbəb olur. Yaradılan komissiya tərəfindən Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi müddətdə ətraf ərazilərində monitorinq aparılıb, atmosferdə zəhərli qaz birləşmələrinin miqdarının ölçülməsi məqsədilə hava nümunələri götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol veriliən qatılıq həddindən dəfələlərə artıqdır. Bu da insanlarda diskomfort yaradır".
K.Kərimov əlavə edib ki, ETSN iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə yerli icra hakimiyyətlərinə və iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərib.