...

“Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2018 17:42 (UTC +04:00)
Bu gün Bakıda Böyük britaniyalı yazıçı Qrem Vilsonun müəllifliyi ilə ingilis dilində nəşr edilən “Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib.
“Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Böyük britaniyalı yazıçı Qrem Vilsonun müəllifliyi ilə ingilis dilində nəşr edilən “Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabın ideya müəlliflərindən biri Rəhman Hacıyev bu kitabın ərsəyə gəlməsi və məqsədi haqqında məlumat verib. R.Hacıyev bildirib ki, Q.Vilson ölkəmiz haqqında geniş məlumata sahib olduqdan sonra belə bir kitabın yazılması ideyası ortaya çıxıb və kitabın ərsəyə gəlməsi üçün Azərbaycanda müvafiq qurumlar, o cümlədən AMEA Tarix İnstitutu lazım olan dəstəyi göstərib.

Daha sonra çıxış edən müəllif Q.Vilson deyib ki, Azərbaycana ilk gəldikdə ölkəmiz barədə geniş məlumatı olmayıb: “Mən 10 il bundan əvvəl ilk dəfə Azərbaycana gələndə bu ölkə haqqında o qədər də məlumatım yox idi. Lakin sonradan mən Azərbaycanda özümə dostlar tapdım, Azərbaycan haqqında geniş biliyə malik oldum və Azərbaycan tarixi haqqında belə bir kitab yazmağı qərara aldım”.

Müəllif bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik ölkə yaratmağı bacarmışdı: “Bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ən vacib hadisələrdən biri idi. Azərbaycan Şərqdə ilk dəfə və bir çox dünya ölkələrindən əvvəl qadınlara səs hüququ verdi. Təəssüflər olsun ki, AXC-nin mövcudluğu qısa çəkdi və böyük bir geosiyasi oyunun qurbanına çevrildi”.

Q.Vilson bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqının azadlıq ideyası 70 il sonra yenə də həyata keçdi və Azərbaycan müstəqilliyə qovuşdu: “Bu zaman isə Azərbaycan dövləti böyük imtahanla, çətinliklərlə qarşı-qarşıya qaldı, lakin ümummili lider Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu çətinliklərə qalib gəlməyi bacardı. Heydər Əiyev və İlham Əliyevin apardığı siyasətin nəticəsində bu gün Azərbaycan belə inkişaf edib”.

Tədbirdə çıxış edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov müəllifə təşəkkürünü bildirərək kitabın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. F.Məmmədov qeyd edib ki, bu kitab Azərbaycan tarixi haqqında dünya ictimaiyyətinin məlumat alması üçün böyük imkan yaradacaq: "Azərbaycan tarixi haqqında ingilis dilində ədəbiyyat o qədər də çox deyil. Azərbaycan haqqında, ölkəmizə qarşı erməni təcavüzü haqqında ingilis dilində müəyyən kitablar nəşr olunub və bu kitab da müəyyən bir boşluğu doldurmaq üçün çox gözəl vasitədir. Kitabın yazılması, məlumatların toplanmasında əməyi olan hər kəsə təşəkkür edirəm".

Digər çıxış edənlər də kitabın əhəmiyyətini qeyd edib və müəllifə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti