Bakı. İlhamə İsabalayeva - Trend:
Təbiəti məhv edən insan rahatlığını yenə də özünə düşmən etdiyi bir məkanda - təbiətdə tapır. Təbiət yalnız öz gözəlliyini bizə çatdırmaq, bütün sehrlərini bizimlə paylaşmaq və layiq olduğu sevgisini qazanmaq istəyir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Təbiətimiz-evimizdir" adlı ekoloji turizmin mediada təbliği layihəsi çərçivəsində jurnalistlər üçün təşkil etdiyi turların da məqsədi Azərbaycan təbiətinin gözəlliklərini nümayiş etdirmək, hələ də zəif inkişaf edən ekoturizmin imkanlarını təbliğ etmək, cəmiyyətə "təbiəti sevək və ondan gözəl şəkildə istifadə edək" mesajını verməkdir.
İndiyədək jurnalistlər üçün bir neçə parka tur təşkil edən ETSN-nin növbəti istiqaməti Cənubi Qafqazın ən böyük Milli Parkı olan Şahdağ Milli Parkına idi.
49 marşrutdan biri
Səyahətimiz Şahdağ Milli Parkının müasir standartlara cavab verən inzibati binası və Ekoturizm Mərkəzi ilə tanışlıqla başladı. Ekoturizm Mərkəzində həm turistləri ekoloji maarifləndirmək, həm də vəhşi təbiəti xüsusi elektron tablolarda canlı müşahidə etmək mümkündür.
Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz və Qəbələ rayonlarını əhatə edən bu parkda 49 marşrut üzrə hərəkət etmək olar. Milli Parkın xidməti ərazilərinin mürəkkəb coğrafi xüsusiyyətləri olduğundan onun bölgələr üzrə marşrutlarının sayı da fərqlidir.
Ümumilikdə Milli Parkın Oğuz bölməsi üzrə 6, Şamaxı bölməsi üzrə 5, İsmayıllı bölməsi üzrə 8, Qəbələ bölməsi üzrə 8, Qusar bölməsi üzrə 9, Quba bölməsi üzrə 13 turist marşrutu işlənərək hazırlanıb.
Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib ki, park həm meşəlik, həm də yüksək dağlıq əraziləri - Bazardüzü, Şahdağ, Tufandağı əhatə etdiyindən buradakı hər bir marşrut digərindən özünəməxsusluğu ilə fərqlənir və heç biri digərini təkrarlamır.
A.Məmmədov deyib ki, bu marşrutlar üzrə hətta Böyük Qafqaz dağlarının uca zirvələrinə də səyahət etmək mümkündür. Parkın uca zirvələrini görmək istəyənlər təhlükəsizliklərinin təmini üçün yalnız xüsusi müəyyən edilmiş xətt üzrə hərəkət edərək həmin ərazilərə səyahət edə və orada çadır qura bilərlər.
Səyahətimizi daha sonra 49 marşrutdan birinə - parkın Quba bölməsi, Rustov meşəbəyliyi, Girdab marşrutu üzrə davam etdirdik.
...Və ilk təəssürat...
Çayın gurultulu səsi, qollu-budaqlı, qocaman ağacların yarpaqlarının xışıltısı, quşların civiltisi, isti yay günündə ağacların sərin kölgələri... Ərazilərin çay dərələri ilə parçalanması bu heyrətamiz mənzərənin füsunkarlığını daha da qüvvətləndirir. Vəhşi təbiətin bütün gözəlliklərinin vəhdət halında birləşdiyi bu parkı sözün əsl mənasında cənnət məkanı saymaq olar.
Kifayət qədər böyük ərazisi olan parka giriş Azərbaycan vətəndaşları üçün cəmi 2 manata başa gəlir. Qrup 5 nəfərdən çox olduqda bu qiymət hər nəfər üçün 1 manat 50 qəpiyə enir. Yüksək dağlıq əraziləri əhatə edən marşturlar üzrə hərəkət etmək üçün 4 manat ödəmək lazımdır. Parka girişlə bağlı müəyyən məhdudiyyətlər, eyni zamanda güzəştlər də var. Təhlükəsizliklərinin təmini üçün 16 yaşına çatmamış şəxslərin yüksək dağlıq ərazilərə getməsinə icazə verilmir. Uşaqlar, Qarabağ əlilləri parka ödənişsiz, digər kateqoriyalı insanlar – veteranlar, tələbələr güzəştli qiymətlərlə daxil ola bilərlər.
Xarici vətəndaşlar üçün isə parka giriş cəmi 3 manatdır (qrup 5 nəfərdən çox olduqda 1 nəfər üçün ).
Bu məbləği ödəyən şəxs təbiətə ziyan vurmamaq şərtilə burada istədiyi kimi dincələ, hətta əlavə vəsait ödəmədən piknik belə edə bilər. Bunun üçün canlı təbiət qoynunda park rəhbərliyi tərəfindən imkanlar da yaradılıb.
Heyvanlar parkda gecə vaxtı gəzirlər
A.Məmmədov bildirib ki, Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri də qorunur.
Lakin bu heyvanlar parka gələnlər üçün heç bir təhlükə yaratmırlar. Parkda olduğumuz müddətdə də bu heyvanlardan heç birini görə bilmədik.
Bunun səbəbin izah edən A.Məmmədov deyir ki, heyvanlar parkda gündüz vaxtı deyil, gecə vaxtı gəzirlər. Ona görə də gündüz vaxtı parkda heyvanları görmək mümkün olmur.
Parkda heyvanların ovunun qadağan edildiyini deyən A.Məmmədov əsas məqsədlərinin buraya gələn turistlərin sayının artırılması olduğunu da söyləyib.
Niyə öz parklarımız olmasın?
Ekoturizm təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha dərindən maraqlanmaq, onları dərindən öyrənmək məqsədilə edilən səyahətdir.
Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təbiət qoynundakı şəkillərini sosial şəbəkələrdə daha tez-tez paylaşmasından əhalinin ekoturizmə güclü marağının olması qənaətinə gəlmək olar.
Deməli, əhalimiz təbiət qoynunda dincəlməyi sevir. Lakin onların əksəriyyəti bu yaşıl məkanı Azərbaycanın daxilində - böyük füsunkar təbiətə malik olan Şahdağ Milli Parkında, eləcə də digər parklarımızda deyil, ölkədən kənarda axtarırlar.
Bitki və heyvanlar aləmi ilə çox zəngin olan, hətta Qafqazdakı heyvanlar aləminin əksəriyyətinin məskunlaşdığı Şahdağ Milli Parkı özünün geniş imkanlarına görə bütün turistlər, xüsusilə ekoturizmi sevənlər üçün maraqlı məkan ola bilər. Sadəcə, belə ərazilərimizin kifayət qədər təbliğ edilməsi və unudulmaz anları yaşamaq, gözəlliyi duymaq üçün belə maraqlı yeri hər kəsin öz gözləri ilə görməsi lazımdır.
Biz buradan maraqlı, unudulmaz təəssüratlarla qayıtdıq. İnanıram ki, Şahdağ Milli Parkına səfər edən hər kəs bundan da gözəl duyğularla Milli Parkı gəzə və buradan ayrıla bilər.