...

AMEA Rəyasət Heyəti və Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib

Cəmiyyət Materials 24 Oktyabr 2018 17:16 (UTC +04:00)
AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib.
AMEA Rəyasət Heyəti və Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib.

Trend-in məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on beş illik tarixinin bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Akademik vurğulayıb ki, ölkə başçısı prezidentlik fəaliyyətinə başlayarkən ilk irəli sürdüyü şüar "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi olub. A.Əlizadə son on beş ildə ölkəmizin bu hədəfə doğru addım-addım yol gəldiyini söyləyib.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "İnklüziv inkişaf və innovativ idarəetmə texnologiyaları: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin bu il inklüziv inkişaf sahəsində dünyada yüksək mövqe qazandığını bildirən alim vurğulayıb ki, Davos İqtisadi Forumunun dəyərləndirmələrinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yeri tutur. Qeyd edib ki, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan bir çox dövlətdən öndədir.
Akademik ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktorunun insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşma olduğunu söyləyib. Natiq həmçinin, idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks tətbiqi sayəsində qazanılan nailiyyətləri geniş təhlil edib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti və Dövlət İdarəçilik Akademiyasının Elmi Şurası müvafiq qərar qəbul ediblər.

Tədbirdə "Fizika və lirika" beynəlxalq elmi konfransına dair də müzakirə aparılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Akademiya tərəfindən müxtəlif elm sahələri arasında əlaqələri inkişaf etdirmək üçün ənənəvi olaraq "Fizika və lirika" konfransları keçirilir.

Akademik vurğulayıb ki, növbəti tədbirin AMEA və MDB üzv dövlətlərinin humanitar əməkdaşlıq üzrə Beynəlxalq Fondun təşkilati və maliyyə dəstəyi ilə bu il 14-18 noyabr tarixlərində Bakı və Şamaxı şəhərlərində, 21-24 noyabr tarixlərində isə Rusiyanın Dubna şəhərində keçirilməsi nəzərdə tutulur. Rəyasət Heyəti qeyd olunanları nəzər alaraq, növbəti "Fizika və lirika" beynəlxalq elmi konfransının keçirilməsinə dair müvafiq qərar qəbul edib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Elmi-Nəşriyyat Şurasının yeni tərkibi təsdiq olunub, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi Bürosunun tərkibində isə qismən dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti