Bakı. Samir Əli - Trend:
"London-Taxi”nin sürücüsünü hədələyərək pulunu və telefonunu alan qardaşlar tutulub.
DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakini olan bir nəfərin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər.
Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb hadisə yerini tərk ediblər.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb.
Bu cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi dekabrın 3-də Nəsimi rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə axtarışda olması da müəyyən edilib.