...

Dövlət Məşğulluq Xidməti və “Enterprise Azerbaijan” portalı gənclərin innovativ layihələrinin dəstəklənməsi sahəsində əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2019 19:20 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Mərkəzin “Enterprise Azerbaijan” portalının nümayəndələri, eləcə də portalda yeni innovativ layihələr təqdim edən gənclərlə görüş olub.
Dövlət Məşğulluq Xidməti və “Enterprise Azerbaijan” portalı gənclərin innovativ layihələrinin dəstəklənməsi sahəsində əməkdaşlıq edəcək (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Mərkəzin “Enterprise Azerbaijan” portalının nümayəndələri, eləcə də portalda yeni innovativ layihələr təqdim edən gənclərlə görüş olub. Məqsəd gənc startapçıların daha çox uğur qazanması üçün Dövlət Məşğulluq Xidməti ilə “Enterprise Azerbaijan” portalı arasında fəal əməkdaşlığın həyata keçirilməsidir.

ƏƏSMN-dən Trend-ə bildirilib ki, müzakirə zamanı “Enterprise Azerbaijan” portalına daxil olan startap layihələri təqdim olunub. Bu layihələrin Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi özünüməşğulluq və digər proqramlar çərçivəsində dəstəklənməsi imkanları müzakirə edilib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev Xidmətin gənclərlə bağlı həyata keçirdiyi aktiv məşğulluq tədbirlərini diqqətə çatdırıb. O, Prezident cənab İlham Əliyevin tapşırığı ilə icra olunan və ildən-ilə genişləndirilən özünüməşğulluq proqramından bəhs edib, proqram əsasında gənclərin də kiçik biznesə çıxışının dəstəkləndiyini vurğulayıb.

F.Musayev özünüməşğulluq proqramı çərçivəsində ötən il 6 min ailənin mikro və kiçik biznesə başlaması üçün aktivlərlə təmin edildiyini, cari ildə bu sayın 10 minə çatdırılmasının nəzərdə tutulduğunu deyib. Qeyd edib ki, vətəndaşların özünüməşğulluq proqramına marağı böyükdür. Təkcə bu ilin 6 ayı ərzində proqrama 45 minə yaxın müraciət olunub.

Xidmət rəisi gənclər tərəfindən “EnterpriseAzerbaijan.com” portalına daxil edilən və özünüməşğulluq proqramının tələblərinə uyğunluq təşkil edən startap layihələrinin bu proqram çərçivəsində reallaşdırılması məsələsinə baxıla biləcəyini bildirib. F.Musayev ümumilikdə gənclərin innovativ layihələrinin dəstəklənməsi sahəsində Dövlət Məşğulluq Xidməti və “Enterprise Azerbaijan” portalı arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən yaradılan “EnterpriseAzerbaijan.com” portalının missiyası investisiya layihələrinin, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların xarici və yerli investorlara təqdim edilməsi, startapların inkişafına töhfə verməkdən ibarətdir. Bu baxımdan “EnterpriseAzerbaijan.com” portalına yerləşdirilən startap layihələri həm də Dövlət Məşğulluq Xidmətinə təqdim olunur. Bu sahədə yeni əməkdaşlıq imkanları ölkəmizdə məşğulluğun artmasına, gənclərin yaratdığı innovativ startapların uğur qazanmasına xidmət edəcəkdir.

R.Hüseynin sözlərinə görə, “Enterprise Azerbaijan” portalı Dövlət Məşğulluq Xidməti tərəfindən dəstək alan layihənin məkan təminatını da öz üzərinə götürə bilər.

Daha sonra müzakirədə iştirak edən startapçı gənclər fəaliyyət göstərdikləri sahələr və təqdim etdikləri layihələr barədə məlumat veriblər. Dövlət Məşğulluq Xidmətinin nümayəndələri startapçıları maraqlandıran sualları cavablandırıblar.

Sonda iki qurum arasında əməkdaşlığın dərinləşdirilməsi və belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub. Dövlət Məşğulluq Xidmətinin nümayəndələri hər bir startapçının təqdim etdiyi layihənin ətraflı öyrəniləcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti