...

UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2019 18:01 (UTC +04:00)
Konfransda rəsmilər, ölkənin tanınmış elm xadimləri və iqtisadçıları iştirak ediblər.
UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, konfransda İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, ölkənin tanınmış elm xadimləri və iqtisadçıları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı imzaladığı strateji yol xəritələrinə diqqət çəkib. Həmçinin bildirib ki, konfransın əsas məqsədi iqtisadi artımı təhlil edə biləcək yeni “drayver”lərin tapılmasına, eyni zamanda akademik dairələrlə real iqtisadiyyat nümayəndələrinin müzakirələr aparmasına nail olmaqdır.

Azərbaycanın gələcək iqtisadi inkişafının iqtisadiyyatın rəqəmsallaşmasından keçdiyini deyən rektor, bu sahədə əsas məsələnin rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən, müvafiq kompetensiyalara malik insan kapitalının formalaşdırılması olduğunu vurğulayıb. Rəqəmsal iqtisadiyyatın istehsal amillərinə olan tələbi dəyişdiyi, bu amillərin məhsuldarlığı əhəmiyyətli dərəcədə artırdığı, dəyişikliyin isə daha çox elmtutumlu sahələrdə özünü göstərdiyi qeyd olunub. Ədalət Muradov rəqəmsal iqtisadiyyatın zəruri etdiyi distant, adaptiv, “online”, “ofline” təhsil və mentorluq fəaliyyətinin əhəmiyyətindən də söz açıb. UNEC-də distant təhsillə bağlı uğurlu sertifikat proqramlarının reallaşdırıldığına diqqət çəkən rektor, növbəti tədris ilindən UNEC-də bakalavr pilləsi üzrə distant təhsilin həyata keçiriləcəyini bildirib. Həmçinin adaptiv təhsilin regiona gətirilməsi istiqamətində Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlığa başlanıldığını, UNEC-də qeyri-ixtisas fənlərinin “online”, ixtisas fənlərinin isə “ofline” keçiriləcəyini, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində pilot layihə kimi mentorluqla bağlı Türkiyə təcrübəsinin tətbiq olunduğunu deyib.

Konfransda təhsilin iqtisadi artıma daha çox təsir edən keyfiyyət parametrlərinə də toxunulub. UNEC-də bu istiqamətdə tədqiqatların aparıldığına diqqət çəkən Ə.Muradov, əldə olunan nəticələrə görə, hələ də real iqtisadiyyatın tələb etdiyi kompetensiyaların formalaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilmədiyini qeyd edib. O, təhsil proqramlarının köklü surətdə dəyişdirilməsinə ehtiyac duyulduğunu, UNEC-də II ixtisas qrupu üzrə artıq dəyişikliklərə başlanıldığını və növbəti tədris ilindən universitetdə yeni tədris standartlarının tətbiq olunacağını bildirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni siyasi və iqtisadi tarixin yazıldığını deyib. Ölkənin sosial və iqtisadi inkişafı üçün vacib olan məsələlərdən birinin xarici siyasət olduğunu deyən nazir müavini, son 15 ildə ölkə iqtisadiyyatının 3 dəfə artdığını, sosial siyasət məsələlərinin önə çəkildiyini, ölkənin gəlirlərinin daha çox bu sahələrin inkişafına yönəldiyini qeyd edib. N.Səfərov Azərbaycanın iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən danışıb. O, ölkənin iqtisadi inkişaf modelində yeni yanaşmaların ortaya qoyulduğunu, islahatların əsasən innovasiya, texnologiya və qeyri-neft sektorunun inkişafı ilə bağlı olduğunu vurğulayıb.

Sonra 5 çağırış Milli Məclisin deputatı Tahir Mirkişili “Dövlət idarəetməsi və iqtisadi inkişaf: müasir texnoloji meyllər” mövzusunda çıxış edib. XXI əsri texnologiyalar əsri adlandıran T.Mirkişili online təhsilin əhəmiyyətindən danışıb. O, UNEC-də bu istiqamətdə ciddi addımların atıldığını, uğurlu layihələrin və tədqiqatların həyata keçirildiyini deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli isə 2019-cu ilin sosial islahatlarından söz açıb. Ölkədə genişmiqyaslı sosial siyasətin aparıldığını deyən nazirlik rəsmisi, bu sahədə büdcə vəsaitlərinin ildən-ilə artırıldığını, əhalinin rifah halının yüksəldildiyini, işsizliyin, yoxsulluğun aradan qaldırıldığını deyib.

Sonra Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev “Azərbaycanda qeyri-neft sənayesinin diversifikasiyalaşdırılması və ixrac potensialının artırılmasına strateji yanaşmalar”, UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə olunması Departamentinin direktoru, professor Zahid Məmmədov isə “Biliklərə əsaslanan innovasiya yönümlü universitetlər: yeni çağırışlar və perspektivlər” mövzularında çıxış ediblər.

Konfrans işini 4 bölmə iclasında davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti