...

Ötən dövrdə DOST mərkəzlərinə 250-dək könüllü cəlb olunub (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2020 13:25 (UTC +04:00)
2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi könüllülük fəaliyyətinin ümummilli hərəkat kimi daha geniş miqyas almasına təkan verir.
Ötən dövrdə DOST mərkəzlərinə 250-dək könüllü cəlb olunub (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük fəaliyyətinin ümummilli hərəkat kimi daha geniş miqyas almasına təkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata əsasən, nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) də “Könüllü DOST” proqramı ilə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır.

Ötən ilin may ayında DOST Agentliyi və 1 saylı Bakı DOST mərkəzi (Yasamal və Səbail) və dekabr ayında 2 saylı Bakı DOST mərkəzi (Xəzər və Pirallahı) açılıb. DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramı üzrə 3 altproqram “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST” altproqramları icra olunur.

Könüllülük fəaliyyətinə, o cümlədən DOST mərkəzlərində könüllü fəaliyyətə olan böyük marağın göstəricisi kimi, “Könüllü DOST” proqramına indiyədək 6900-dək müraciət olunub və ötən dövrdə bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib.

Könüllülər DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verir.
“Gənc DOST” proqramı üzrə çalışan könüllü gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasında çalışır. Həmçinin bir qrup sağlamlıq imkanları məhdud gənc DOST könüllüləri sırasına qoşulub.

DOST könüllüləri üçün ilk növbədə təlimlər təşkil olunub, onlara müəyyən zəruri bilik və bacarıqlar aşılanıb. Mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, insan axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, onların elektron sistemlərdən istifadəsində, müxtəlif anket, forma və s. doldurmalarında, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsində, əlilliyi olanların xüsusi diqqət və qayğı ilə qarşılanaraq onların xidmətlərdən yararlanmalarında, rəy sorğularının keçirilməsində və bir çox başqa işlərdə köməkliklərini göstərirlər.

“Könüllü DOST” proqramı məzunlarından artıq 17 nəfəri 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti