...

Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar - Operativ qərargah

Cəmiyyət Materials 13 Mart 2020 21:31 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabinetinin sərəncamı ilə bütün təhsil və tədris müəssisələrində tədris dayandırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, insanlar bu məsələdə aktiv olmalıdırlar:

"Sərəncamda qeyd olunub ki, bütün təlim təhsil mərkəzlərində təhsil dayandırılıb. Burada evdə və digər şəraitdə tədris olunan dərslər, eyni zamanda, toplu situasiyalar nəzərdə tutulub. Vətəndaşlar ehtiyatlı olmalıdır. Sərəncamlarla həyatın bütün situasiyalarına nəzarət etmək mümkün deyil. Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar".

İ.Məmmədov bildirib ki, ictimaiyyət şayiələrə uymamalıdır:

"Rəsmi xəbərlər nə qədər də olsa, şayiələrə çatmır. İctimaiyyət şayiələrə yox, rəsmi məlumatlara əsaslanmalıdır".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti