...

Ölkə ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Cəmiyyət Materials 23 Mart 2020 20:50 (UTC +04:00)
Ölkə ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Bakı. Trend:

Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 24-də saat 00.00-dan etibarən aprel ayının 20-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələri, habelə onların sürücü və sərnişinlərinin respublikanın digər şəhər və rayonlarına çıxışı məhdudlaşdırılır.

DİN Baş DYP İdarəsindən Trend-ə verilən məlumata görə, məhdudiyyət müddətinin artırılması, həmçinin qadağanın hər iki istiqamətə tətbiq edilməsi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakşılarının diqqətinə çatdırır ki, hazırda qeydiyyat ünvanından kənar şəhər və rayonlara getmiş hər bir şəxs təşkil edilmiş keçid postlarından yalnız qeydiyyatda olduğu ərazi istiqamətinə buraxılacaq.

DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakşılarından, xüsusilə sürücülərdən xahiş edir ki, qadağanın martın 23-dən 24-nə keçən gecə qüvvəyə minməsi nəzərə alınsın və əhalinin sağlamlığının qorunması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejiminə ciddi riayət edilsin.

Ümid edirik ki, respublikamızın hər bir vətəndaşı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və insanların təhlükəsizliyinin təmin olunması istiqamətində polisin gördüyü tədbirlərə yardımçı olmaqla qorxulu virusun yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti