Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, koronavirusa yoluxmanın azalması sevindiricidir, ancaq qabaqlayıcı tədbirlər bundan sonra da davam etdirilməlidir.
Prezidentin köməkçisi vurğulayıb ki, karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək.
"Digər ölkələrdə də karantin rejiminin uzadılması ilə bağlı tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz".
H.Hacıyev vurğulayıb ki, karantin rejimi birdən-birə ləğv edilə bilməz. O qeyd edib ki, virusa qarşı vaksin hələ tapılmayıb:
“Ona görə də biz diqqətli olmalıyıq, həyat tərzimizdə dəyişiklik etməliyik. Hazırda virusla bağlı ölkədə vəziyyət müsbətdir, ancaq hər hansı bir tələskənlik və ya diqqətsizlik virusun yenidən alovlanmasına yol aça bilər. Bir daha hər bir vətəndaşımızdan diqqətli olmalarını və xüsusi karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edirik”.