...

Ombudsmanın Gəncə Regional Mərkəzi videokonfrans keçirib

Cəmiyyət Materials 20 İyun 2020 15:33 (UTC +04:00)
Ombudsmanın Gəncə Regional Mərkəzi videokonfrans keçirib

Bakı. Trend:

Ombudsmanın Gəncə Regional Mərkəzi və Samux Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağstafa, Tərtər və Ucar rayon Heydər Əliyev Mərkəzlərinin nümayəndələrinin iştirakı ilə 18 İyun - İnsan Hüquqları Gününə həsr edilmiş “Azərbaycan Respublikasında insan hüquqları sahəsində əldə olunmuş nailiyyətlər” mövzusunda videokonfrans keçirilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, tədbir iştirakçılarına Müvəkkil Səbinə Əliyevanın salamlarını və xoş arzularını çatdıran Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı beynəlxalq sənədlərə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilib.

S.Abbasov qeyd edib ki, bu il bütün dünyanı bürüyən koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə ölkəmizdə elan edilmiş İnsan Hüquqları Aylığı çərçivəsində həyata keçirilmiş geniş onlayn maarifləndirmə tədbirləri ilə əhalinin hüquqi məlumatlılığının artırılmasında mühüm nəticələrə nail olunub.
Tədbirdə çıxış edən Samux, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağstafa, Tərtər və Ucar rayon Heydər Əliyev Mərkəzlərinin rəhbərləri 18 İyun Milli İnsan Hüquqları gününün ölkəmizdə geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, Ombudsman təsisatının bu istiqamətdə Heydər Əliyev Mərkəzləri ilə birgə həyata keçirdiyi hüquqi maarifləndirmə işinin vacibliyini diqqətə çatdırıblar, əməkdaşlığın daha da genişləndirilməsi üçün təkliflər irəli sürüblər.

Daha sonra iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti