...

Bakı Slavyan Universitetinin müəllimi beynəlxalq sertifikat alıb

Cəmiyyət Materials 1 İyul 2020 12:09 (UTC +04:00)
Bakı Slavyan Universitetinin müəllimi beynəlxalq sertifikat alıb

Bakı. Trend:

Bütün dünyada mövcud epidemioloji vəziyyətə baxmayaraq, Ukrayna Respublikasının Təhsil və Elm Nazirliyinin dəstəyi ilə Mixail Ostroqradski adına Kremençuq Milli Universitetində onlayn formada 10 ixtisas üzrə Tələbə Elmi Əsərlərinin Beynəlxalq Müsabiqəsi keçirilib. Beynəlxalq müsabiqə “İqtisadiyyat”, “Menecment”, “Sahibkarlıq, ticarət və birja fəaliyyəti", "Ekologiya", "Elektrik enerjisi sənayesi, elektrik mühəndisliyi və elektromexanika", "Avtomobil nəqliyyatı", "Nəqliyyat texnologiyaları", "Peşə təhsili", "Filologiya", "Avtomatika və kompüter inteqrasiya olunmuş texnologiyalar" mövzularını əhatə edib.

Bakı Slavyan Universitetindən Trend-ə verilən məlumata görə, tədbir xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən təşkil edilib. Müsabiqə komissiyası dünyanın 23 ölkəsinin 102 universitetindən təqdim olunmuş elmi işləri ətraflı araşdırıb. Yekun konfransında ümumilikdə 300-dən çox tələbə Ukrayna, Polşa, ABŞ, Türkiyə, Çexiya, Gürcüstan, Belarus, Slovakiya, İraq, Macarıstan, İtaliya, Qazaxıstan, Fransa, Almaniya, Bolqarıstan, Çin, İsrail və Böyük Britaniyanı təmsil edib. Elmi məruzələrin dinlənilməsi və işlərin müdafiəsi nəticələrinə əsasən, hər bir ixtisas üzrə qaliblər müəyyənləşdirilib, I-II-III dərəcəli diplom və sertifikatlara layiq görülüblər.

Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU) tələbələri Mixail Xomenok və Vladimir Qurski birinci dərəcəli diplomlarla təltif olunublar. Tələbələrin elmi işlərinə rəhbərliyə görə Bakı Slavyan Universitetinin (BSU) Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov və ÇMTU-nun Marketinq, PR texnologiya və logistika kafedrasının dosenti Sergey Polkovniçenko beynəlxalq sertifikata layiq görülüblər.
Qeyd edək ki, ÇMTU və BSU arasında imzalanmış müqaviləyə əsasən, ÇMTU-da 2017-ci ilin sentyabından Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir, hər iki universitet arasında elm və təhsil sahəsində əməkdaşlıq həyata keçirilir. BSU-nun rektoru, professor Nurlana Əliyeva və Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov ÇMTU-nun fəxri professorlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti