Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il əsasən bölgələrdə 8 yeni bərpa mərkəzinin açılması nəzərdə tutulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.
C.Əbdül-Qədirov əlilliyi olan şəxslərin, tibbi-sosial reabilitasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, dövlət başçısının tapşırığına əsasən, ölkədə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. 2019-cu ilin sonlarında Yevlax və Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. Onların hər birində yüksək səviyyəli reabilitasiya şəraiti yaradıldığını qeyd edib.
C.Əbdül-Qədirov bildirib ki, bu il Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişəndirilməsi də nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında da bu ilin Uşaq Bərpa Mərkəzlərinin açılması planlaşdırılır.
Ümumən bu il 8 yeni bərpa mərkəzinin açılması nəticəsində reabilitasiya xidmətləri göstərilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq.
Tədbirdə əlilliyi olan şəxslər onlara yönələn sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılması sahəsində görülən mühüm işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.
Yeni istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.