...

Azərbaycanda istifadəyə veriləcək ilk pullu yolda turniketlərin quraşdırılmasına başlandı

Cəmiyyət Materials 28 Avqust 2020 10:05 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi sürətləndirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yol ölkədə ilk ödənişli avtomagistral olacaq: "Artıq yolun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissəsində isə tikinti işləri bu ilin sonunadək bitəcək.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

Yolun tikinti işlərinin 2021-ci ilin 2-ci yarısında yekunlaşdırılması planlaşdırılır.

Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.

Yeni layihələndirilən yolun I hissəsi üzrə (0-30 km) hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 2 layı tikilib".

Məlumatda bildirilir ki, yeni magistralın tikintisi yekunlaşan hissəsi üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci km-də (Yaşma) 171-ci km-də (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, 2-i adi qaydada keçidi təmin edəcək. 1 keçid isə ehtiyyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün də istifadə olunacaq.

Bundan başqa yeni avtomagistrala 73, 103, 132 və 154-cü km-də yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsi ilə daxil olmaq mümkün olacaq. Bu Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidir. Sözügedən ərazilərdə isə hər bir hərəkət istiqaməti üzrə 2 nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.

Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

Ümumilikdə yeni inşa edilən 150 km-lik yol boyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 dairəvi müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir. Magistral üzrə hesabi yük A-15, NK-100-dür.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur. Magistral yolda sürət həddi 120 km/saat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti