Bakı. Ceyhun Ələkbərov - Trend:
Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə görülən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada tamamilə yeni ab-hava yaradıb.
Bunu Trend-ə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib. Onun sözlərinə göər, son illərdə həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın görkəmi tamamilə dəyişib, şəhərdə yeni infrastruktur yaradılıb və bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək:
“Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi Sumqayıtın yeni və möhtəşəm ünvanlarıdır. Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilib, 1 nömrəli Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, Musiqi Məktəbinin binaları əsaslı təmir olunub, “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Son illərdə şəhərin əksər tibb müəssisələri də əsaslı təmir olunub. 1 nömrəli Doğum evi, 1 və 2 nömrəli Qadın məsləhətxanaları, 1 və 4 nömrəli Şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli Uşaq poliklinikası, 3 nömrəli Şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub. 1 nömrəli Uşaq poliklinikası, 2 nömrəli Şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli Şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1 və 2 nömrəli Doğum evlərinin reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli Doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir. Sumqayıtın başqa bir möhtəşəm ünvanı isə Dənizkənarı Bulvardır. Şəhər dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan və müasir tələblərə cavab verən Dənizkənarı Bulvardır. 3 il əvvəl Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır”.
E. Qocayev qeyd edib ki, şəhərdəki Heydər parkı, Lüdviqshafen parkı, Sülh prospekti və Sahil küçəsi əsaslı təmir olunaraq yenidən qurulub. Heydər parkının ərazisi 15 min kvadratmetr genişləndirilib və burada Poeziya Evi yaradılıb:
“Son 4 ildə şəhərdə 1100-dən artıq çoxmənzilli yaşayış binasına yeni dam örtüyü vurulub. Həmin binalarda 400-dən çox istismar müddəti bitmiş liftlər yeniləri ilə əvəz olunub, 3500 girişə yeni dəmir qapılar qoyulub. Şəhərin ictimai nəqliyyatı da yenidən qurulub və marşrut xətlərinə 206 Türkiyə istehsalı olan yeni avtobus buraxılıb. Liftlərə xidmət üçün “Onlayn” Dispetçer mərkəzinin, həmçinin ictimai nəqliyyatda pulsuz internet şəbəkəsinin yaradılması Cənubi Qafqazda ilk olaraq Sumqayıtda həyata keçirilən yeni texnoloji layihələrdir”.
Mətbuat katibi əlavə edib ki, Sumqayıt şəhərin ən böyük ekoloji problemlərindən biri olan “Acıdərə” kanalının boruya alınması işləri də davam etdirilir. Artıq kanalın şəhərin mərkəzindən keçən hissəsində işlər yekunlaşıb:
“Şəhərinin əsas problemlərindən biri “Acıdərə” kanalı da artıq öz həllini tapıb. Dövlət başçısının tapşırığına uyğun olaraq hazirda “Acıdərə” kanali qapali sistemə keçirilməklə yeni məcraya salınır. Sumqayıt şəhərinin ərazisindən keçən “Acıdərə” kanalının qapalı sistemə salınmaq üçün inşa edilən beton kanalizasiya sisteminin bir hissəsi artıq tam hazırdı. Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımı sayda texnika və işçi qüvvəsi cəlb edilib”.