Baı. Çingiz Səfərli - Trend:
Polis əməkdaşları vaksin pasportu olmayan taksi sürücülərinin aşkara çıxarılması üçün onlara müştəri qismində yaxınlaşa bilərlər.
Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspert inzibati məsuliyyətə cəlb olunmamaları üçün taksi sürücülərini qoyulan qaydalara riayət etməyə çağırıb:
"Taksi sürücülərinə əvvəllər də bir çox tövsiyələr olunmuşdu, amma buna əməl etmədilər. Qərar verildi, ona da riayət etmədilər. Məsələn, hazırda şəffaf arakəsmə, maşında gigiyenik məhsulların olması, maskadan istifadə ilə bağlı tələblərə 100 faiz əməl olunmur. Hesab edirəm ki, indi vaksin pasportlarının yoxlanılması üçün reydlərin keçirilməsinin bir əhəmiyyəti var. Çünki taksi sürücüləri gün ərzində daha çox insanla təmasda olurlar. Onların özlərini qoruması və xəstəliyin yayılmasının qarşısının alınması vacib məsələdir".
Ekspert hesab edir ki, taksi sürücülərinin böyük hissəsi vaksinasiyadan keçib. Onun sözlərinə görə, sadəcə bir qisminin, xüsusən də peyvənddən çəkinən bir qrup yaşlı təbəqənin vaksin pasportu olmaya bilər:
"Amma sürücülər cərimələnməməyin yolunu da tapıblar. Artıq avtomobilin üzərinə taksi fərqlənmə nişanı qoymur, müxtəlif şirkətlərin xidmətlərindən istifadə edərək, onlayn müştəri qəbul edirlər. Gələcəkdə polis əməkdaşları müştəri qismində taksiyə əyləşərək belə sürücüləri aşkar edə bilərlər. Bu, polisin xidməti fəaliyyətinə aid olan məsələdir. Əməliyyat şəraitinə nəzarət, qoyulan qaydalara kimin əməl edib-etmədiyini üzə çıxarmaq üçün bu üsuldan istifadə edilə bilər. Ona görə taksi sürücülərinə tövsiyə edərdim ki, diqqətli olsunlar. Cərimələr də kifayət qədər ağırdır. Cərimələndikdə taksi sürücüsü demək olar ki, bir neçə günlük qazancından məhrum olur. Qaydalara əməl etsələr, heç bir problem yaşanmaz".
Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.
Twitter: @cingizsafarli