...

Praqada Zəfər Gününə həsr olunmuş qala-konsert keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2021 22:54 (UTC +04:00)
Praqada Zəfər Gününə həsr olunmuş qala-konsert keçirilib (FOTO)

Bakı. Trend:

Çexiyanın Praqa şəhərində 8 noyabr – Zəfər Gününə və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Yeddi gözəl şöhrət yolunda” adlı qala-konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin dəstəyi, Çex-Azərbaycan Birliyinin və “Natəvan” Cəmiyyətinin təşkilatçılığı ilə “Národní Dům” (Xalq Evi) mədəniyyət ocağında baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində “Natəvan” Cəmiyyətinin sədri Leyla Bəyim Cəfərova və Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov çıxış ediblər. Onlar xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və misilsiz rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etməsi ədalətin zəfər çalması və Qarabağ torpağında sülhün bərqərar olması kimi qiymətləndirilib.

Azərbaycan bəstəkarlarının ölməz əsərlərindən ibarət konsert proqramında Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Rəna Rzayeva (fortepiano) və Canel Nəcəfli (skripka) çıxış ediblər. Konsert zamanı müasir bəstəkarlarımızdan biri olan Rəhilə Həsənovanın “Kəlbəcər” pyesi ilk dəfə təqdim olunub. Konsert Şuşaya həsr olunmuş kompozisiya ilə başa çatıb.

Leyla Bəyimin qüdrətli söz ustadı Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi şeirlərini çex dilində aktyor Kriştof Nohinek səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti