Bakı. Sədrəddin Ağcayev - Trend:
Azərbaycanın azad edilmiş ərazilərində bütün istiqamətlər üzrə səyahətlər bir gün ərzində keçiriləcək.
Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.
"Ağdamda hazırda vətəndaşların yaşayışı üçün infrastruktur yoxdur. Şuşada müəyyən infrastruktur olsa da, bu marşrut orada yaşayışı nəzərdə tutmur. Bütün istiqamətlər üzrə səyahətlər bir gün ərzində keçiriləcək, vətəndaşlar həmin gün geri qayıdacaq. Yaşayış imkanları, əlbəttə, nəzərdən keçiriləcək, amma birinci mərhələdə nəzərdə tutulmur", - deyə o bildirib.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.
(Tərcümə: Orxan Nəbiyev)