...

Ombudsman işğal dövründə dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hesabat hazırlayıb

Cəmiyyət Materials 5 Mart 2022 12:10 (UTC +04:00)
Ombudsman işğal dövründə dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hesabat hazırlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri dövründə törətdiyi müharibə cinayətləri, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsman həyata keçirdiyi faktaraşdırıcı missiya çərçivəsində əldə etdiyi müvafiq dəlil, sübut və materiallar əsasında növbəti hesabatını hazırlayıb.

Sözügedən hesabat Ermənistan tərəfindən işğal dövründə azərbaycanlılara məxsus qəbiristanlıqların kütləvi şəkildə və qəsdən dağıdılması, qəbirlərin və ölülərin təhqir edilməsi, qəbirüstü abidələrin talan edilməsi, habelə məzarları ziyarət edəcək insanlar arasında ölüm hallarının baş verməsi məqsədilə ərazinin minalanması və digər əyani faktları özündə əks etdirir.

Hesabatda beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının kobudcasına pozulması, müharibə cinayətləri törədilməsinə görə Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib.

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.

Hesabatın mətni ilə buradan tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti