Bakı. Trend:
"Euronews" telekanalı Şuşada keçirilmiş V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına reportaj həsr edib.
Trend bu barədə "Euronews"un saytına istinadən məlumat verir.
Reportajda qeyd olunur ki, Heydər Əliyev Fondunun təşkil etdiyi festivalda müxtəlif ölkələrdən musiqiçilər və rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivləri iştirak edib.
Qeyd edək ki, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılışı olub. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa İli"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Bu il sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. Festival mayın 14-dək davam edib.
(Tərcümə: Orxan Nəbiyev)