Bakı. Trend:
Milan Politexnik Universitetinin yeddi nəfərdən ibarət nümayəndə heyəti 19-22 iyun tarixlərində İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycanda səfərdə olmuşdur. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində Memarlıq və Dizayn fakültəsini təsis etmək üçün ilkin araşdırmanın aparılması idi.
Nümayəndə heyəti ölkənin memarlıq və şəhərsalma üzrə strateji inkişaf planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların müəyyən olunması üçün ADA Universitetnin Rektoru Hafiz Paşayev ilə müzakirələrlə yanaşı bir sıra dövlət qurumları ilə sıx məşvərətlər aparmışdır. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə görüşlər keçirmişdir.
İtaliya-Azərbaycan Universiteti hər iki dövlət üçün strateji
maraq kəsb etdiyindən səfər çərçivəsində, eyni zamanda, İtaliyanın
Azərbaycandakı səfiri Klaudio Taffuri ilə də görüş keçirilmiş,
əməkdaşlığın çərçivəsi və gələcək perspektivi müzakirə
edilmişdir.
Eyni zamanda, sözügedən fakültə çərçivəsində yaradılacaq akademik
proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması
üçün Memarlar İttifaqının İdarə Heyətinin Sədri professor Elbay
Qasımzadə və bir qrup gənc memarlar ilə ətraflı fikir mübadiləsi
aparılmışdır. Bundan əlavə, dizayn yönümlü proqramların
hazırlanması üçün xalçaçılıq və digər xalq tətbiqi sənət növləri
sahəsində ixtisaslaşmış yerli brendlerlə tanış olmuşlar. Habelə,
nümayəndə heyəti Bakı şəhərinin memarlıq tarixi və ADA
Universitetinin kampusunun dizaynı ilə də yaxından tanış
olmuşdur.
İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib
Məmməd bildirmişdir bu əməkdaşlıq çərçivəsində memarlıq,
şəhərsalma, landşaft dizaynı, interyer, kommunikasiya və sənaye
dizaynı kimi strategi sahələr üzrə akademik proqramlar təsis
olunacaq. Bu proqramlar Milan Politexnik Universiteti ilə bərabər
tədris olunacaqdır.
Milan Politexnik Universitetinin nümayəndə heyəti bildirmişdir ki,
bu əməkdaşlıqda məqsəd innovasiya yönümlü, lakin ölkənin milli
mədəniyyətini, mənsubiyyətini və ənələrini özündə ehtiva edəcək
proqramlar yaratmaqdır.
Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov, Energetika naziri Pərviz Şahbazov və Təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməl qoyma mərasimi keçirilmişdir.