...

Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir - Nazir (FOTO)

Cəmiyyət Materials 1 İyul 2022 10:43 (UTC +04:00)
Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir - Nazir (FOTO)

Bakı. Trend:

Hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, səhiyyə və iqtisadiyyat bir-biri ilə ayrılmaz şəkildə əlaqəlidir. Sağlam əhali davamlı inkişaf və güclü makroiqtisadiyyat üçün ilkin şərtdir.

"Eyni zamanda, səhiyyə sisteminin inkişafı üçün tələb olunan maliyyə resurslarının formalaşmasında güclü iqtisadiyyata ehtiyac vardır.
Mən özüm də uzun müddət özəl tibb sektorunda çalışmışam. Ötən müddətdə sektordakı dəyişikliklərin və irəliləyişlərin necə sürətlə baş verdiyinin şahidiyəm. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir. Özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artması sahibkarlıq sahəsinə ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən verilən dövlət dəstəyinin nəticəsində mümkün olmuşdur.

Yaşadığımız COVID-19 pandemiyası dünya ölkələrinin səhiyyə sistemləri üçün çətinliklər yaratdı, tibbi xidmətlərə tələbat misli görünməmiş şəkildə artdı. Səhiyyə sistemi üçün artan yükün bir hissəsini özəl sektor öz üzərinə götürdü. Buradan gəlinən qənaət odur ki, özəl sektor dövlət səhiyyə sisteminə müxtəlif istiqamətlərdən, istər səhiyyənin maliyyələşməsi, xidmətlərin göstərilməsi, tənzimləmələrin hazırlanması, istərsə də informasiya texnologiyaları və digər məsələlərdə inteqrasiya etməlidir", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti