Bakı. Trend:
Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
- Şəhla xanım, donorluğun insan orqanizmi üçün faydası nədən ibarətdir?
- Qan vermək, yəni donor olmaq insana həm mənəvi, həm də fiziki
rahatlıq verən prosesdir. Qan başqasına verilməsi mümkün olan ən
qiymətli hədiyyə, həyat bəxşişidir.
Donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını
ala bilər. Aparılan araşdırmalara görə, mütəmadi donor olan
şəxslərdə arterial təzyiq, yüksək xolesterin, ürək-damar xəstəliyi,
şəkərli diabet, xərçəng xəstəliyi riski az olur. Donorluq qan
hüceyrəsi səviyyəsində yenilənmə səbəb olur və qan yaranmanı
stimullaşdırır.
- Hansı yaş aralağında olan şəxslər qan verə bilər?
- Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur. Donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür.
- Qan verməzdən əvvəl hansı qaydalara əməl etmək lazımdır?
- Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir.
- Qan vermə prosesi necə həyata keçirilir?
- Donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir.
Əvvəlcə donorun nəbzi və qan təzyiqi yoxlanılır. Donorun terapevt
tərəfindən keçirilən tibbi müayinəsinə isə qanın kliniki və
biokimyəvi analizləri, o cümlədən hepatit, sifilis, İİV və digər
xəstəliklərin müayinəsi daxildir. Həmçinin qan qrupu və
rezus-faktor da müəyyən edilir. Analizlərin nəticələri məxfi
saxlanılır və yalnız donora bildirilir.
Qan verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor
kreslosunda həyata keçirilir. Daha sonra donorun bazusu rezin
jqutla sıxılır. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə
dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Alınan qanın
standart dozası 350-400 ml təşkil edir.
Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən
yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan
sonra çıxarmaq olar.
- Daha çox hansı qan qrupuna ehtiyac olur?
- İnsanlar mənfi və müsbət rezus faktoru olanlara bölünür. Əksər
ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan
OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var.
Baxmayaraq ki, B0 Rh (-) və AB Rh(-) az rast gəlinir, məhz az rast
gəlindiyinə görə də ehtiyac zamanı cətinlik yaranır. Bir eritrosit
kütləsinin maksimum saxlanma müddəti 6 həftədir. Təbii ki, bəzi
xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsi vacib
olur. Bu səbəbdən də daimi ehtiyacdır və alınan qandan 42 gün
ərzində istifadə edilməlidir.
- Hansı xəstəliklərdən əziyyət çəkənlər qan verə bilməz?
- Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır.
Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü donorların
qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il
minlərlə hamiləlik və doğuş keçirən anaları, körpə uşaqları,
xəsarət alanları və digər xəstələri ölümdən xilas edir.
Donor ola bilməyən şəxslər iki qrupa ayrılır: xronik xəstəliyi olan
şəxslər və şəkərli diabet, astma, epilepsiya, qanama diatezi
kardiovaskulyar problemi olan, sistemik xəstəliyi olanlar. Eləcə
də, infeksion xəstəliyi, hepatit virusu, AİDS-ə yoluxmuş şəxslər
donor kimi qəbul olunmurlar.
Bundan əlavə, alkoqol qəbul edənlər, narkotik, psixotrop və digər
güclü təsir edən maddələrin istifadəçiləri, həmçinin hamilə və
südverən analar da donorluq üçün uyğun deyillər.