Bakı. Trend:
Dünya və türk Otorinolarinqologiya Cəmiyyətləri Azərbaycanda -
"Bu konqresdə hər kəs öz dilində danışdı"
Azərbaycan otorinolarinqologiyasının müasir tarixində ilk böyük
beynəlxalq konqres baş tutdu. 2022-ci ilin sentyabrında "Azərbaycan
Otorinolarinqologiya Cəmiyyətinin" və “Mərkəzi və Qərbi Asiya
Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi"nin
təşkilatçılığı ilə Bakıda baş tutan I Beynəlxalq konqresin son
ünvanı Şuşa oldu.
Konqresdən sonra “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və
Baş-boyun Cərrahiyyəsi Birliyinin” baş katibi, dosent, tibb üzrə
fəlsəfə doktoru Ramil Həşimli Medicina.az -a müsahibə verib.
Bakupost.az bildirir ki, həkim müsahibəsində Azərbaycan
otorinolarinqoloqlarının konqresdə əldə etdiyi uğurlardan
danışıb.
- Ramil həkim, uzun müddətdir hazırlaşdığınız konqres
nəhayət ki, baş tutdu. İlk öncə Azərbaycanda
Otorinolarinqologiyanın tarixinə toxunaq. Bu sahə milli səhiyyədə
ən köklü və inkişaf etmiş sahələrdən biridir. İndi dünya
Otorinolarinqologiyasında Azərbaycan necə bir yer tutur?
- Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti hələ 1930-cu illərdə
qurularaq, SSRİ Otorinolarinqologiya Cəmiyyətinin Azərbaycan
bölməsi kimi fəaliyyət göstərib. Daha sonra müstəqil cəmiyyət kimi
Səhiyyə Nazirliyinin tərkibində fəaliyyətinə davam edib. Azərbaycan
müstəqillik qazandıqdan sonra bu fəaliyyət müəyyən zamana kimi
davam etsə də, yeni reallıqlara və qanunvericiliyin tələblərinə
cavab verən tam müstəqil və dünya elmi cəmiyyətlərinə inteqrasiya
edəcək quruma ehtiyac yaranmışdı ki, 2019-cu ildə rəsmi olaraq
professor Nazim Hüseynov, dosent Akif Əfəndiyev, professor Azər
Xudiyev, professor Vəfa Pənahian və mənim qurucu idarə heyətinə
daxil olduğumuz “Azərbaycan Otorinolarinqologiya cəmiyyəti” ictimai
birliyi quruldu.
Təsis olunan ildən cəmiyyət qısa müddət ərzində “Dünya
Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyası”, “Avropa
Qulaq-burun-boğaz və Baş və boyun cərrahiyyəsi Konfederasiyası”,
“Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi
Birliyi”nin üzvü seçildi.
Bu arada, yeri gəlmişkən bir xatirəmi bölüşmək istərdim. 2019-cu
ilin payızında Avropa Konfederasiyasının konqresinə qatılmış və
təşkilata üzvlüyə namizədliyimizi irəli sürmüşdük ki, ümumi
yığıncaqda açıq səs vermə ilə Azərbaycan tam hüquqlu üzv seçildi.
Elə gətirdi ki, elə həmin axşam konqresin qala yeməyində hər kəs
yaxınlaşıb “Azərbaycan, təbrik edirik” deyirdilər. Cəmi 2
azərbaycanlı həkim idik və çox qürurlu idik. Əsas olan bizim ad,
soyadımız deyildi, yadda qalan ölkəmizin ismi idi. Halbuki 12
nəfərlə konqresə qatılan bədnam qonşularımız konfederasiyaya üzv
seçilə bilmədilər.
Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi
Birliyi (СASOS)”i haqda məlumat verməzdən öncə bildirmək istəyirəm
ki, əsasən Türk dövlətləri otorinolarinqoloqlarının təmsil olacağı
bir platforma üzərində hələ 2012-ci ildən işlərə başlamışdıq.
İlbəil aparılan işlərin yekunu kimi 2019-cu ilin aprelində ilk
olaraq Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Orta
Asiya dövlətləri qulaq, burun, boğaz cəmiyyətləri tərəfindən ortaq
çalışma memorandumu imzalandı, noyabrında isə Türkiyədə CASOS-un
təqdimatı oldu. Bu birliyin əsas məqsədi böyük bir coğrafiyaya
yayılmış dili, dini bir qardaş ölkə otorinolarinqoloqlarının
qarşılıqlı əməkdaşlığının qurulması, əsasən gənc həkimlərimizin
keçiriləcək müxtəlif elmi kurslar, konqreslər, seminarlar
vasitəsilə ixtisasımızda olan yeniliklərlə tanış olması və
professional səviyyələrinin artırılmasıdır.
2020-ci ildə ilk beynəlxalq konqresimizi keçirməyə hazırlaşırdıq.
Təəssüf ki, konqresin keçirilməsinə çox qısa bir müddət qalmış
pandemiya səbəbindən təxirə salındı.
Nəhayət ki, bu il 10 ölkənin iştirakı ilə ilk Beynəlxalq
konqresimiz baş tutdu. Tədbirə 350-ə yaxın həkim qatılmışdı ki,
onların da 80 nəfərə yaxını xarici ölkələr, əsasən də türk
dövlətlərindən idi.
Konqresin açılışı və ilk günü Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda baş tutdu. Göstərdiyi böyük
dəstəyə görə İnstitutun rektoru, təşkilat komitəsinin sədri
professor Nazim Qasımova xüsusi minnətdarlığımı bildirirmək
istəyirəm.
Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin
müavini Nadir Zeynalov, Azərbaycan Milli Məclisinin deputatı Aydın
Mirzəzadə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyə
QBB BBC cəmiyyətinin sədri professor Tayfun Kirazlı, həmin
cəmiyyətin baş katibi professor Özgür Yiğit, Qazaxıstan
otorinolarinqologiya cəmiyyətinin sədri akademik Rays Tulebayev,
Özbəkistan otorinolarinqologiya cəmiyyətinin sədri professor Xolida
Şayxova çıxış edərək təbriklərini çatdırdılar.
Konqresin xarici qonaqları arasında “Dünya Qulaq-burun-boğaz
cəmiyyətləri konfederasiyası”nın İdarə Heyətinin üzvü professor
Metin Önerci, “Türk Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi
Cəmiyyəti” Qulaq-burun-boğaz tədris məktəblərinin sədrləri, Avropa
Larinqologiya Cəmiyyətinin keçmiş sədri professor Ferhan Öz, Polşa,
İran, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və
Tacikistandan olan tanınmış otorinolarinqoloqlar yer aldılar.
Tədbir Azərbaycan həkimlərinin elmi-praktik biliklərinin
artırılmasında mühüm rol oynadı deyə bilərik.
- Konqresin əsas hədəfi nə idi? Hansı məqsədlərə nail
oldunuz və Azərbaycan qulaq-burun-boğaz həkimlərinə nə
verdi?
- Konqresdə əsas məqsədimiz ilk olaraq vətən qulaq-burun-boğaz
ixtisasını tanıtmaq, eyni zamanda müxtəlif ölkələrdən qatılan
qonaqları milli adət-ənənələrimiz, mədəniyyətimiz, ölkəmiz və
paytaxtımızın gözəllikləri ilə tanış etmək idi. 100 ilə yaxın yaşı
olan Azərbaycan otorinolarinqologiyası tarixində təəssüf ki,
beynəlxalq səviyyədə elmi konqres keçirilməmişdi.
2014-cü ildə böyük bir konqres keçirsək də, orda ancaq Türkiyə və
Azərbaycanlı həkimlər iştirak etmişdi. 2018-ci ildə Cümhuriyyətin
100 illiyi münasibətilə Azərbaycan Tibb Universiteti Qulaq Burun
Boğaz xəstəlikləri kafedrası tərəfindən elmi konqres keçirilmişdi.
Təbii ki, biz daha geniş coğrafiyanı əhatə etməyi planlayırdıq.
Azərbaycanın qulaq-burun-boğaz həkimlərinə elmi yenilikləri
çatdırmaq, həm də həkimlərimizin belə bir platformada öz elmi
araşdırmalarını təqdim etməsi önəmli hadisə idi. 2 günlük konqresdə
4 tematik kurs və 13 panel olmaqla 17 elmi sessiya keçirildi. Elə
sessiyamız oldu ki, ancaq öz həkimlərimiz məruzəçi kimi çıxış
etdilər. Həkimlərimizin təqdimatları heç də xaricdən gələn
həkimlərdən geri qalmırdı.
Çox yüksək səviyyədə elmi fikir mübadiləsi oldu. İlk dəfə idi ki,
belə bir tədbirə Türkmənistandan nümayəndələr də qatılmışdı.
Konqres gənc həkimlərə, rezidentlərə müasir elmi yeniliklərlə tanış
olmaq, sahənin böyük elm adamlarını canlı dinləmək kimi böyük
fürsət verdi. Bu cür tədbirlər həm də yeni tanışlıqların, gələcək
fərdi və ümumi planların qurulması üçün də böyük bir önəm kəsb
edir.
- Konqresdə ən yadda qalan məqam nə oldu?
- Açılış mərasimində hər birimizi müsbət mənada şoka salan bir
hadisə baş verdi. Öncə Qazaxıstan Qulaq,burun, boğaz Cəmiyyətinin
sədri akademik Rays Tulabayev, ardınca Özbəkistanlı həmkarlarımız
öz ana dillərində çıxış etdilər. Adətən onlar salamlaşmanı türkcə
edib, sonra rus dilində məruzələr edirdilər ki, bu dəfə ancaq öz
dillərində çıxış etdilər və hər hansı tərcüməyə ehtiyac duyulmadan
söylənilənləri anlaya bildik.
Digər məqamlardan biri konqresin bağlanış mərasimində bir çox
qonaqlara və məruzəçilərə idarə heyətimiz tərəfindən təsis olunmuş
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin Xatirə medalının
təqdim olunması idi. Ən önəmlisi 44 günlük Vətən Müharibəsi
dövründə ordu sıralarında olan, könüllü olaraq yardıma gedərək
yaralılara tibbi xidmət göstərən qulaq-burun-boğaz üzrə həkimlərə
xüsusi fəxri fərmanlar, bütün savaş boyu cəbhədə olan 9 həkimə
“Xatirə medalı”nının təqdim olunması idi. Bu, həm yerli, həm də
xarici iştirakçılar tərəfindən rəğbətlə qarşılanan bir hal oldu.
Düşünürəm ki, Qəhrəman həmkarlarımızla qürur duyduğumuzu göstərmək
bizim şərəf və vəfa borcumuz idi.
- Bildiyimizə görə, konqresdən sonra Şuşaya səfəriniz baş
tutub. Türk dövlətlərindən gələn qonaqları Şuşada nə
təəccübləndirdi. Təəssüratları necə oldu?
- Bəli, konqresdən sonra 15 nəfərlik heyətlə Şuşaya səfər etdik.
Bir var Qarabağdan, Şuşadan danışaq, bir də var real görək.
Qonaqlara yolboyu Qarabağda, Füzulidə dağılmış xarabalıqları,
şəhərləri, kəndləri göstərdik. Erməni vəhşiliklərinin şahidi
oldular.
Professorlar gördüklərindən dəhşətə gəlmişdilər. Zəfər yolu ilə
Şuşaya yaxınlaşdıqca dilimiz döndüyü qədər Azərbaycan əsgərinin
şücaətindən danışır, qayalıqlara dırmanaraq Şuşanı necə fəth
etmələrini izah edirdik. Cıdır düzündə qonaqlar "bu qayalara
dağçılar belə çıxa bilməz, bu əsgərlər necə çıxıb" deyərək
heyrətlərini gizləyə bilmir, şəhidlərimizin ruhuna dua edirdilər.
Bütün bunlar tezliklə sosial media hesablarında da nümayiş olundu.
Konqresin qonaqları içində ölkəmizə ilk dəfə gələn professor Ferhan
Öz “Çox sağ olun ki, ölkənizi gözəl tanıtdınız və çox təəssüf
edirəm ki, bu gözəl ölkəni tanımaqda gecikmişəm” kimi fikir
bildirdi.
Türk professorlardan biri səfər təəssüratını belə yazmışdı:
"Konqresdən sonra özəlliklə Şuşaya getmək, o torpaqlar üçün şəhid
olan qəhrəmanları yad etmək, dualar etmək möhtəşəm idi. İnşallah
gələcəkdə Füzuli hava limanına birbaşa enib, 45 dəqiqəyə Şuşaya
çatıb, qardaş konqreslərində bir araya gələrik”.
Şuşada həmiçinin “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və
Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”nin idarə heyətinin iclasını
keçirdik. Gələcək fəaliyyətimizlə əlaqəli bir çox qərarların
alındığı 4 sentyabr protokolumuzda imzalama məkanı kimi Şuşa
yazıldı. İnşallah gələcəkdə ölkəmizdə, Şuşamızda böyük elmi
beynəlxalq konqres arzumuz dövlətimizin də dəstəyilə baş tutacaq.
- Yaxın gələcəyə nə kimi yeniliklər, planlarınız
var?
- Üzümüzə gələn il yanvarda Dubayda Dünya Qulaq Burun-Boğaz
Konfederasiyasının (IFOS) konqresi keçiriləcək. Həmin konqresdə
iştirak edəcək və növbəti Dünya konqresinin Türkiyədə, İstanbulda
keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Bu yolda qardaş
cəmiyyətlərlə birgə ciddi çalışırıq. İstanbulda keçiriləcək
konqresi Bakıda, Daşkənddə, Bişkekdə və s. keçirilmiş kimi hesab
etməliyik. Hamılıqla ev sahibliyi edə biləcəyimiz ixtisasımızın bu
ən böyük elmi tədbiri ölkələrimizin qulaq, burun, boğaz həkimləri
üçün çox böyük fürsət ola bilər.
Konqreslər həm bilik, həm də mədəniyyət mübadiləsidir. Həm biz belə
konqreslərdə olmalıyıq, həm də Azərbaycanda elmi tədbirlər təşkil
etməliyik. Bizim ən böyük arzularımızdan biri növbəti konqresləri
işğaldan azad olunmuş torpaqlarımızda keçirmək və xarici alimlərlə
elmimiz və mədəniyyətimizi tanış etmək və həqiqətlərimizi
çatdırmaqdır.