Bakı. Trend:
2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb. Həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.
Səhiyyə Nazirliyindən Trend-ə veirlən məlumata görə, qeyd olunan
Əmrə və Qərara əsasən 07.12.2022-ci il tarixinədək Səhiyyə
Nazirliyinin rəsmi internet saytının “Elektron Səhiyyə xidmətləri”
bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş
şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə
başlanılıb.
İmtahanların ilk mərhələsi 23-24.01.2023-cü il tarixlərində baş
tutub. İmtahan nəticələri barədə məlumat namizədlərə elektron
kabinet vasitəsilə imtahanın keçirildiyi gün verilib.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş
şəxslər imtahanda diplomun etibarlılığı Səhiyyə Nazirliyinin Kadr
Məsələləri üzrə Komissiyası tərəfindən təsdiq edildikdən sonra
iştirak edə bilərlər. Komissiyanın Qərarı ilə imtahana buraxılan
şəxslərə buraxılış vərəqəsi verilir. Buraxılış vərəqəsi imtahana ən
geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir. İmtahanın
yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar buraxılış
vərəqəsində qeyd olunur.
İmtahanda iştirak etmək üçün 07.12.2022-ci il tarixinədək
qeydiyyatdan keçmiş şəxslərin imtahanları davam etdirilir.
İmtahanların birinci mərhələsinə cəlb edilməmiş şəxslər üçün
keçiriləcək imtahanların tarixləri barədə əlavə Səhiyyə
Nazirliyinin rəsmi internet saytında məlumat veriləcək.