...

Çirklənən göllərdə biogen maddələrin miqdarı normadan xeyli çoxdur - Agentlik sədri

Cəmiyyət Materials 21 Fevral 2023 17:16 (UTC +04:00)
Çirklənən göllərdə biogen maddələrin miqdarı normadan xeyli çoxdur - Agentlik sədri
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Çirklənən göllərdə biogen maddələrin miqdarı normadan xeyli çoxdur.

Trend-in məlumatına görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Abşeron göllərinin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib.

O bildirib ki, Böyükşor və Zığ göllərinin reabilitasiyası məqsədilə müəyyən tədbirlər həyata keçirilməkdədir. Məqsəd Abşeron göllərinin reabilitasiyası istiqamətində bütün məsələləri tam ardıcıllıqla təmin etməkdir: "Həmin göllərin bəziləri mütləq saxlanılmalıdır, bəzilərinin isə qurudulması haqqında fikirlər var. Bununla bağlı əsaslı faktlar ortaya qoyulur".

Agentlik sədri qeyd edib ki, göllərin qurudulması fikri birmənalı surətdə ortaya qoyulmamalıdır: "İlk növbədə, gölə daxil olan çirkab suların qarşısı alınmalıdır. Çirkab suların qarşısı alınanda istər-sitəməz həmin gölün səviyyəsi enəcək, həcmi azalacaq. Gölün təbii su mənbəyi müəyyənləşməlidir. Ona görə, ilk növbədə, müdaxilə olunan axarların qarşısı alınmalı, ondan sonra növbəti mərhələdə onun uzun illər bundan əvvəl necə əmələ gəlməsi, hansı səviyyədə olması, qida mənbələri aydınlaşdırılmalıdır. Ətrafında yaşıllıqlar olan elə göllər var ki, onların indiki səviyyəsindən bir az kiçik formada saxlanılması məqsədəuyğun ola bilər. Yaşıllıqların suvarılmasında gölün suyundan istifadə oluna bilər. Bununla yanaşı, həmin yaşıllıqların suvarılması üçün su mənbələri varsa və göl ciddi çirklənibsə, onu saxlamağın mənası yoxdur. Bu məsələ maraqlı tərəflərin niyyətləri gözlənilməklə təhlil olunmalı və sonra qərar qəbul edilməlidir. Hazırda əsas məsələ göllərin sağlamlaşdırılmasıdır. Yəni hansı tədbirlər görülə bilər ki, gölün suyu təmiz olsun, müəyyən normalara cavab versin. Aparılan təhlillər göstərir ki, çirklənən göllərdə biogen maddələrin miqdarı normadan xeyli çoxdur. Həmçinin, patogen element daşıyan bağırsaq çöpləri, E-coli bakteriyalarının miqdarı normadan dəfələrlə yuxarıdır. Bu da həmin göllə təmasda olan ətraf mühitə, insana və digər canlılara mənfi təsir göstərir. Bu göllərin sağlamlaşdırılması üçün ardıcıl, kompleks tədbirlərin həyata keçirilməsi vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti