Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovla bağlı məsələyə münasibət bildirib.
Trend-in məlumatına görə, komitə sədri bu gün jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum səlahiyyətləri çərçivəsində məsələ ilə məşğul olub:
"Məsələ nəzarətimizdədir. Hadisə ilə bağlı bəzi məqamlar var ki, biz fikir bildirə bilmərik. Bu, hal qəbuledilməz və ağılasığılmazdır".
O qeyd edib ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə
nəzarət olmalıdır:
"Biz planlaşdırırıq ki, indiyə kimi hansı sahələrdə nəzarət
olmayıbsa, müvafiq standartları təşkil edib, monitorinq aparaq.
Hazırda bununla bağlı meyarlar üzərində çalışırıq".