...

İqtisad Universitetinin məzunları 50 ildən sonra görüşdülər (FOTO)

Cəmiyyət Materials 1 İyun 2023 10:48 (UTC +04:00)
İqtisad Universitetinin məzunları 50 ildən sonra görüşdülər (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1973-cü il məzunları 50 ildən sonra təhsil aldıqları universitetdə bir araya gəliblər.

Məzunlar ilk öncə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər, onların əziz xatirəsini ehtiramla yad ediblər. Sonra universitetin 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyaları və Yunus Mərkəzi ilə tanış olublar.

Elm üzrə prorektor professor Sakit Yaqubov, Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov 50 il öncəki tələbə yoldaşlarını universitetdə görməkdən böyük sevinc hissi keçirdiklərini bildiriblər. Vaxtilə onlarla bir qrupda təhsil alan gənclərin əksəriyyətinin ölkənin bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışdıqlarını, eyni zamanda dövlətimizin tərəqqisinə töhfələr qazandırmış bacarıqlı və peşəkar kadrlar olduqlarını vurğulayıblar.

Rəqəmsallaşma üzrə prorektor, UNEC Məzunları Assosiasiyasının idarə heyətinin sədri dosent Raqif Qasımov qocaman məzunları salamlayaraq, onların uzun aradan sonra universitetdə görüşmələrini müsbət ənənə kimi qiymətləndirərək, bu ənənənin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Karyera Mərkəzinin rəhbəri Aytac Rzayevanın moderatorluğu ilə keçirilən tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev məzunlara universitetdəki yeniliklər və qazanılan uğurlar barədə məlumat verib.

Sonra məzunlar tələbəlik illəri barədə xoş və kövrək xatirələrini bölüşüblər. Universitetin böyük uğurlara imza atdığından qürur duyduqlarını ifadə edən məzunlar göstərdikləri diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər, universitetə xatirə hədiyyəsini təqdim ediblər.

Sonda məzunlar xatirə fotosu çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti