...

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2023 16:41 (UTC +04:00)
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO)

Bakı. Trend:

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Cavid Səfərli, Qurban İbrahimov və Seymur Allahverdiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

Müdafiə Nazirliyi, ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimlərində şəhidlərin ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.

Xəbər lenti

Xəbər lenti