...

Ədliyyə Nazirliyinin Təcili Elektron Zəng xidməti ilk olaraq DOST Mərkəzində istifadəyə verilib

Cəmiyyət Materials 10 İyun 2023 15:48 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Təcili Elektron Zəng xidməti ilk olaraq DOST Mərkəzində istifadəyə verilib

Bakı. Trend:

Ədliyyə Nazirliyi tərəfindən yaradılan yeni e-xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidməti ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzində istifadəyə verilib.

Xidmətin Mərkəzdə işə salınması ilə əlaqədar keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Tədqiqatlar Mərkəzinin, Azərbaycan Notarial Palatasının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərinin 154 növ sosial xidmətin bir “pəncərə”dən şəffaf və operativ şəkildə göstərilməsinə imkan verdiyini vurğulayıb. O, DOST konsepsiyasının üstünlüklərini qeyd edib. DOST mərkəzində tətbiqinə başlanan “ƏN TEZ” xidmətinin vətəndaş məmnunluğunun təminatına yönələn uğurlu bir addım olduğu vurğulanıb.

Ədliyyə nazirinin müavini Eldar Nuriyev ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sistemində aparılan islahatları, ədliyyə xidmətlərinin rəqəmsal platformalarda və vahid məkandan, şəffaf təşkili, bu xidmətlərə əlçatanlığın artırılması üçün görülən işləri diqqətə çatdırıb.

Bildirib ki, “ƏN TEZ” xidməti vətəndaşlara ədliyyə və məhkəmə orqanlarına videozəng vasitəsi ilə operatora müraciət etməklə lazımi xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. Ölkədə inklüziv cəmiyyətin inkişafı prioritetinə əsaslanaraq “ƏN TEZ” xidmətinin əhalinin daha həssas təbəqələrinə təqdim edilməsi məqsədilə ilk məkan kimi DOST mərkəzləri seçilib.

“ƏN TEZ” vasitəsilə vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ailə məsələləri üzrə məhkəməyə müraciət, habelə tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası xidmətlərindən bəhrələnə biləcəklər. Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidmət sistemi biometrik eyniləşdirmə imkanına malik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edilməyəcək.

Yeni xidmətin ölkəmizin bölgələrində yaşayan, o cümlədən azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün də əlverişli və rahat imkanlar yaratdığı vurğulanıb.

Tədbirdə “ƏN TEZ” xidmətinin istifadəyə verildiyi elan olunub və ilk zəngi cavablandırmaq ucun ekrana qoşulan operator xidmətlər haqqında qısa məlumat verib. Tədbir iştirakçılarına “ƏN TEZ” xidmət məkanının əhatə etdiyi xidmətlərə dair videoreportaj təqdim edilib.

Xəbər lenti

Xəbər lenti