...

XIII Beynəlxalq Qəbələ Musiqi Festivalında ilk olaraq “Gənclərə dəstək” layihəsinin iştirakçıları çıxış edib (FOTO)

Cəmiyyət Materials 27 İyul 2023 21:33 (UTC +04:00)
XIII Beynəlxalq Qəbələ Musiqi Festivalında ilk olaraq “Gənclərə dəstək” layihəsinin iştirakçıları çıxış edib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 27- də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsinin iştirakçıları konsert proqramı ilə çıxış ediblər.

Trend xəbər verir ki, konsert proqramı XIII Beynəlxalq Qəbələ Musiqi Festivalı çərçivəsində təqdim olunub.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, festivalın önəmindən danışıb: “Heç təsadüfü deyil ki, festivalın ilk konsertində gənc, böyük səhnələrə ilk addımlarını atan musiqiçilər çıxış edir. Çünki Qəbələ Beynəlxalq Musiqi Festivalı yaradıldığı gündən öz səhnələrini gənc musiqiçilərə açır və onların gələcək uğurlarına təkan verir. Gənc musiqiçilərin milli dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi, dünya elm və mədəniyyətindən bəhrələnməsi üçün dövlətimiz tərəfindən mühüm işlər görülür. Fürsətdən istifadə edib bu möhtəşəm festivalın təşkilatçılığına görə Heydər Əliyev Fonduna və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm".

"Gənclərə dəstək" layihəsi barədə məlumat verən Xalq artisti deyib ki, layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə çərçivəsində gənclərin ilk konserti 2016-cı il noyabrın 15-də olub və həmin vaxtdan mütəmadi olaraq hər ay bir neçə dəfə silsilə konsertlər davam etdirilərək, onlar artıq öz dinləyici kütləsini yaradıb, geniş auditoriyanın rəğbətini qazanıblar.

Qeyd edilib ki, layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur. Proqram və janr baxımından çox zəngindir. Buraya vokal, fortepiano, kamera-instrumental musiqisi, simfonik musiqi, eləcə də muğam axşamları aiddir. "Gənclərə dəstək" layihəsi Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçıları, hələ təhsilini davam etdirən və ya son illərin məzunları olan gənc bəstəkarları da unutmamışdır. Onların kamera-vokal və orkestr əsərləri mütəmadi səslənir.

Qeyd edilib ki, "Gənclərə dəstək" layihəsi yeddi ildir yaranmasına baxmayaraq, artıq ölkəmizin hüdudlarından kənarda da tanınır.

Sonra tədbir respublika və beynəlxalq müsabiqələr laureatı olan gənc və yeniyetmələrin konsert proqramı ilə davam edib.

Konsert çərçivəsində görkəmli bəstəkarların əsərləri ifa olunub.

Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, avqustun 2-dək davam edəcək XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti