...

Qadınların Milli Biznes Gündəliyi ilə xəyalların ardınca

Cəmiyyət Materials 2 Avqust 2023 16:30 (UTC +04:00)
Qadınların Milli Biznes Gündəliyi ilə xəyalların ardınca

Bakı. Trend:

Qızlar, böyüyəndə hansı peşəni seçəcəksiniz?

Müəllim…həkim…alim…Ailə qurub, anam kimi ev xanımı olacağam…

Oğlanlar, bəs siz?

Polis! Pilot! Futbolçu! İş adamı! Zəngin olacağam!

Onlar eyni sinifdə təhsil alırlar…Eyni dərsləri oxuyurlar…Eyni məhəllədə yaşayır çoxu…Amma hədəfləri fərqlidir…Qızlar çox nadir hallarda uğurlu iş qadını olmağı xəyal edirlər. Sizcə niyə?

Bəlkə bizim qızlarımıza iş dünyasında örnək olacaq qadın nümunələri, uğur hekayələri azdır? Onlara ilham qaynağı olacaq, çətinlikləri aşmaq üçün tövsiyələrini paylaşacaq, kişi lobbiçiliyinin hələ ki, daha üstün olduğu dünyamızda özlərini kəşf etmək, irəli qətiyyətlə addımlamaq üçün stimul verəcək qadınlar, haradasınız?

Qanadlarımız varsa, uçmağı öyrənməliyik

Bu gün biz sizi belə işgüzar xanımlardan biri ilə tanış edəcəyik. O, öz sahəsində uğurlu olmaqla kifayətlənmək istəmir. Bu səbəbdən Qadınlarım Milli Biznes Gündəliyi (QMBG) adlı unikal platformaya qoşularaq, iş arzusunda olan digər qadınların da həyatına toxunmağa çalışır. Azərbaycanın Qafqazda ilk olaraq, bu platformanı yaratmasının qürurunu yaşayan cəsur müsahibimiz Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təsisçisi Nigar Ələsgərovadır: “Əgər problemləri görmək, səsləndirmək bir prosesdirsə, onların həlli istiqamətində işlək təkliflər vermək, reallaşmasına çalışmaq daha önəmli mərhələdir. KOBSKA olaraq, ilk gündən etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə yaradılan platformada aktiv iştirak etmişik, bütün işçi qruplarda təmsil olunaraq, həll yollarına dair tövsiyələr vermişik.

Mən, xüsusilə qadınların maliyyə imkanlarına çıxışı ilə bağlı problemə toxunmaq istərdim. Qadın sahibkarlar ölkəmizdəki KOB subyektlərinin təxminən 21,3%-ni təşkil edir. Regiondakı qadınlarımız olduqca bacarıqlı, işgüzar, zəhmətkeş olsalar da, bəzən önlərini kəsən tək amil maliyyə qaynağı olur. Halbuki öz layihələrimizdəki təcrübələrdən bilirəm ki, rayonlarda kredit imkanları da, dövlət dəstək mexanizmləri də, beynəlxalq təşkilatların qrant proqramları da var. Amma iş qurmaq istəyən qadınlar bəzən bu barədə tam məlumatsız olurlar. Biz QMBG-də bu istiqamət üzrə daha güclü fəaliyyət göstərməyi düşünürük. Məsələn, maliyyə imkanlarına dair informativ videoçarxlar hazırlayaraq onları qadınlar üçün əlçatan etmək, resurslardan faydalanmalarını stimullaşdırmaq başlıca hədəfimizdir.

Cəsarət uğurun yarsıdır, yoxsa hamısı?

Qeyd edim ki, KOBSKA özü də gənc təşkilatdır. Amma qısa zamanda layihələrimizlə tanındıq. Çətinliklər təbii ki, oldu, amma biz bacarığımıza, doğru yol tutduğumuza, yol yoldaşlarımıza güvəndik. Yaxşı ideyalar, onları realizə etmək yolları barədə uğurlu insanlarla məsləhətləşmək faydalıdır. Amma əsas odur ki, heç kimin sizi demotivasiya etməsinə imkan verməyəsiniz. Bu baxımdan QMBG tövsiyə sənədi əla təcrübələr və problemlərdən çıxış yolu xəritəsidir. Çünki burada yüzlərlə qadın sahibkarın üzləşdiyi maneələr və onlara dair sınanılmış həll mexanizmləri var.

Bu platformada təmsil olunmağımız bizim üçün də böyük perspektivlər açır. Çünki sənəddə əksini tapan məsələlər qanunvericilik səviyyəsində müəyyən dəyişikliklər tələb edir. Amma eyni zamanda bizim düşüncə tərzimizdə, baxış bucağımızda dəyişikliklərin baş verməsi də zəruridir. Bu isə təbii ki, zaman alacaq, qısa müddətdə olmayacaq. KOBSKA QMBG mexanizmlərinin işlək hala gəlməsi üçün davamlı, dayanıqlı iş görməyə hazırdır və qərarlıdır. Biz işini qurmaq, yaxud inkişaf etdirmək istəyən qadınlarımıza səslənirik: Bir az təşəbbüs, bir az ilham, bir az araşdırma və bir az ideyalar birləşərsə, sizi böyük uğur hekayəsinin mərkəzinə çıxara bilər. Bu yolda büdrəməkdən, motivasiya əksikliyindən, informasiya azlığından çətinlik çəksəniz, bilin ki, QMBG ailəsi yanınızdadır.

Gəlin, gündəliyimizin davamını birlikdə yazaq!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti