...

Ədliyyə Nazirliyində bir sıra rəhbər vəzifələrə təyinatlar olub

Cəmiyyət Materials 11 Avqust 2023 18:59 (UTC +04:00)
Ədliyyə Nazirliyində bir sıra rəhbər vəzifələrə təyinatlar olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində nazirliyin aparatının yeni strukturu təsdiq olunub, idarəçilik mexanizmləri təkmilləşdirilir.

Bu barədə Trend-in sorğusuna cavablayan Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova deyib.

"Bununla əlaqədar ədliyyə orqanları qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edən kadr potensialının möhkəmləndirilməsi və insan resurslarından səmərəli istifadə olunması üzrə zəruri tədbirlər görülür", - deyə Sabitova əlavə edib.

İdarə rəisi vurğulayıb ki, Nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə ədliyyə nazirinin əmri ilə Cavid Hüseynov təyin edilib:

"Cavid Hüseynov 2000-ci ildə ədliyyə orqanlarında işə başlamış, sonradan Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri olmuşdur. 2-ci dərəcə dövlət müşaviridir. Məhkəmə-Hüquq Şurasının və nazirliyin Kollegiyasının üzvüdür.

C.Hüseynov Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub".

Aynur Sabitova qeyd edib ki, Ədliyyə nazirinin digər əmri ilə isə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə hakimlik təcrübəsi və əvvəllər də bu qurumda çalışması nəzərə alınaraq, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımov təyin edilib:

" Elçin Qasımov nazirliyin aparatında müxtəlif məsul vəzifələrdə işləmiş, sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb. Bundan başqa, Ədliyyə Nazirliyinin bir sıra yerli icra və probasiya, həmçinin qeydiyyat qurumlarında da rəhbər vəzifələrə təyinat aparılıb".

A.Sabitova bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında müasir düşüncəli və hazırlıqlı gənclərin qulluğa qəbuluna xüsusi önəm verilir:

"Bununla bağlı seçim prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir və qulluğa qəbul olunmuş gənc ədliyyə işçilərinin hərtərəfli peşəkar inkişaflarına daim diqqət yetirilir. Növbəti bir qrup namizədlərlə keçirilmiş sonuncu imtahandan uğur qazanmış 60-dan çox hüquqşünasla hazırda müsabiqənin növbəti mərhələsinin keçirilməsinə başlanılacaqdır.

Penitensiar xidmətdə də kadr işinin təşkili yeni çağırışlara uyğun təkmilləşdirilir. Xidmətin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında zəruri peşə keyfiyyətlərinə malik işçilərlə komplektləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərin də üzvü olduğu qulluğa qəbul üzrə Müsabiqə komissiyasının genişləndirilmiş yeni tərkibi təsdiq edilib", - deyə Aynur Sabitova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti