...

Ərəblər Azərbaycana niyə az gəlir?

Cəmiyyət Materials 1 Sentyabr 2023 12:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə Avropa ölkələrindən gələnlərin sayında artım müşahidə olunub. Ancaq ərəb ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu azalmanın səbəbi daha çox ərəblərin müxtəlif turizm destinasiyalarına getməsidir.

Bunu Trend-ə turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

O bildirib ki, pandemiyadan sonrakı dövr üçün hələ də bir çox ölkələrdə məhdudiyyətlər davam etdirdi, xüsusilə ərəb ölkələridən Avropaya getməkdə müəyyən məhdudiyyətlər var idi.

“Bu il biz müşahidə etdik ki, bu məhdudiyyətlər demək olar tamamilə aradan qaldırılıb və turist axını artıb. Ümumiyyətlə dünyada turist hərəkətləri daha çox sərbəstləşib. Bu mənada ərəb ölkələrində olan turistlər digər ölkələrə, xüsusilə Avropa ölkələrinə səfərlər ediblər. Misal üçün əvvəllər ərəblər üçün 10 turizm məkanı var idisə, indi 20 məkan var. Yəni, ərəb turistləri yenə də eyni qaydada səyahət ediblər, amma çoğrafi paylaşımda Azərbaycana düşən pay azalıb”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Belarus, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti