Bakı. Trend:
Sentyabrın 6-dan etibarən hava dəyişəcək.
Milli Hidrometerologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə sentyabrın 6-sı axşam şimal və
qərb rayonlarından başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava
şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli
yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq
Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur
zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28
m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı
enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən
axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay,
Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay,
Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay,
Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay,
Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal
olunur.